İran tərəfdən Azərbaycana qarşı bu kimi addımların olması yox, olmaması təəccüblü olar-Politoloq ŞƏRHİ
Bölmə: Siyasət › ,Tarix: 08:43 09.02.2024
İran kəşfiyyatçıları İslam Respublikası ərazisində təxribat planlaşdıran bir qrup şəxsi saxlayıb. İran mənbələri yazırlar ki, qruplaşmaya rəhbərlik edən mərkəz Azərbaycan ərazisində yerləşir.
Məsələni informator.az-a şərh edən politoloq Şəbnəm Həsənova bildirir ki, casus şəbəkəsi formalaşdırmaq, onu maaliyyələşdirərək təşkilatlandırmaq və digər dövlətlərin ərazisinə “fəaliyyət” üçün göndərmək dövlətlərin legitimliyinə və təhlükəsizliyinə xələl gətirən məhz qeyri-etik xarakterli davranış və elə buna görə də qəbuledilməzdir.
"Kəşfiyyata güvənmək böhranların ardınca hökumətlərin milli təhlükəsizliyi qorumaq üçün “kölgəyə qayıtması” ilə mürtəce siyasətlərə əl atdığı bir nümunəni əks etdirir. Kəşfiyyat işi əsasən ictimai sferada realizə edilir. Müasir dönəmdə məxfi kəşfiyyat fəaliyyətlərinin baş verməsi getdikcə şəffaf mühitə, texnologiyanın inkişafına görə daha da mürəkkəbləşir".
Politoloq qeyd edir ki, İran kəşfiyyat orqanları müxtəlif regionlarda mədəni-dini mövcudluğunu bərkitmək və ya artırmaq istiqamətində əməli addımlar atırlar.
"Açıq etiraf etməliyik ki, bu işdə onlar konkret nəticələr də əldə edirlər. Yaxın Şərq buna ən bariz nümunədir. İran bu dəst-xətti müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətinə qarşı da tətbiq edib. Son zamanlarda cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, strukturun yenidən formalaşdırılması və peşəkar fəaliyyət nümunəsi sərgiləməsi fonunda nəinki İrandan, bütün istiqamətlərdən gələn həmlələrin qarşısı kəskin surətdə alınır. Hər halda Fransa və Çexiya tərəfindən bu istiqamətdə baş verən hadisələr çox mətləblərdən xəbər verir".
Şəbnəm Həsənova əlavə edir ki, ilk dəfə deyil ki, İran seçki öncəsi və sonrası bu kimi təxribatlara, ürəkbulandırmalara gedir. Lakin etiraf etməliyik ki, Azərbaycana qarşı qərəzli mövqedə olan İran media qurumları belə seçkini müsbət dəyərləndirdilər.
"Bu isə İranın bizə qarşı mövqeyini dəyişməsindən deyil, Azərbaycanın ortaya qoyduğu mövqeyindən, yürütdüyü siyasətindən qaynaqlanır. İranın Azərbaycandakı səfirliyi seçki ilə bağlı mövqeyini bildirdi, Prezident Seyid İbrahim Rəisidən çox tez təbrik də gəldi. Digər tərəfdən isə bu tip məlumatları yaymaqda İranın məqsədi bəllidir. Görünür, İran bundan sonra da xislətinin dəyişməzliyi ilə bağlı zirehləndiyinin siqnalını verməyi labüd bildi. Məhz bu amilin və yanaşmanın özü Azərbaycan-İran münasibətlərinin gələcək proqnozlarınızdan xəbər verir".
Müsahib həmçinin deyir ki, Azərbaycana isə belə xırda, cüzi hərəkətlər lazım deyil, özü də seçki günündə. Əsas Zəfər seçkisi idi, xalqımız da məhz buna fokuslandı.
"Hər nə qədər daxildən və xaricdən Azərbaycan dövlətinə ləkə atmaq üçün pusquda dayananlar olsa da arzuları gözlərində qaldı. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti nəticəsində şəhidlərimizin canı-qanı bahasına alınan torpaqlar da daxil olmaqla bütün Respublika üzrə yüksək seçici fəallığı öz sözünü dedi. Bəzi cüzi, texniki qüsurlardan əlavə nə qarşıdurma, nə səs-küy, nə də qayda pozuntusu qeydə alınmadı. Tam əksi insanların gözündə sevinc, fərəh, gözyaşı isə fəxarət gözyaşları idi. Bu seçki isə xalqımızın öz Liderinə etimadnaməsi, vəfa borcu idi".
Şəbnəm Həsənovanın sözlərinə görə, İrana yenidən dönəcək olsaq, onlar tərəfdən Azərbaycana qarşı bu kimi addımların olması yox, olmaması təəccüblü olar.
"Maraqlısı odur ki, İran parlamentinin erməni əsilli üzvü Robert Beqlaryan Ermənistanın sərhədində Avropa müşahidə missiyasının olması və Ermənistanın Qərblə yaxınlaşmasının İranda narahatlıq yaratdığını bildirdi. O həm də əlavə edir ki, İranın Ermənistandan əsas gözləntisi regional güclərin, xüsusən də İran və Rusiyanın köməyi ilə regional problemləri həll etməkdir. Bununla yanaşı Rusiyadan gələn fikir də olduqca maraqlı və mühümdür. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin “Rossiya-24” telekanalına müsahibəsində bildirdi ki, Ermənistan və Azərbaycan dialoqunda Rusiyanın rolunun alternativi yoxdur. Görünür, regional aktorlar regiondan kənar olanları geri itələməkdə həmfikirdirlər".
Politoloq düşünür ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin zəngi ilkin olaraq daha çox şəxsi münasibətlər zəminindən atılmış addım idi.
"Çünki dövlət başçımız bu dəfəki təbrik zəngi də daxil olmaqla onun şəxsi təşəbbüslərini və töhfəsini dəyərləndirdiyini bir neçə dəfə vurğulayıb, həm də onu əlavə edib ki, Avropa İttifaqının özündə belə Azərbaycana qarşı yekdil mövqe mövcud deyil".
Aynur Babayeva