Tarixdə bu gün-Səməd bəy Mehmandarovun anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 20:05 12.02.2024

Bu gün Azərbaycanın görkəmli hərbi xadimi, tam artilleriya generalı,Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri-Səməd bəy Mehmandarovun anım günüdür.

 

Səməd bəy Mehmandarov 1855-ci ildə Lənkəranda anadan olub. Əslən şuşalı olan Səməd bəy ilk təhsilini Bakıda Gimnaziyada aldıqdan sonra Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olur. Orduda göstərdiyi üstün xidmətlərə görə O, 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alır. Rus-Yapon müharibəsində göstərdiyi şücaətə görə Səməd bəy 1908-ci ildə tam artilleriya generalı rütbəsinə  qədər yüksəlir.

 

I Dünya müharibəsi illərində general Mehmandarov bir neçə uğurlu hərbi əməliyyatı yerinə yetirən istedadlı sərkərdə kimi ad-san qazanır. Almanlar tərəfindən mühasirəyə düşmə təhlükəsində olan ordunu strateji bacarığı sayəsində mühasirədən qurtaran Səməd bəy rus ordusunu rüsvayçılıqdan xilas edir.

 

1917-ci ilin əvvəlində Mehmandarov Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edildi. 1917-ci il fevral burjua inqilabı baş verərkən S. Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxır və bir müddət Vladiqafqaz şəhərində yaşadıqdan sonra Azərbaycana gəlir.

 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Səməd bəy Cümhuriyyət ordusunun quruculuğunda iştirak edir. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də öz təsdiqini tapdı və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edildi. Vaxt və imkanlar məhdud olsa da, Mehmandarov 30 minlik ordu qurulmasına nail olur.

 

Əfsus ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmur. Sovet işğalından sonra Mehmandarov vəzifəsindən istefa verir. İlk vaxtlar repressiya təhlükəsi qarşısında olsada Mehmandarov bu təhlükənin üstəsindən gəlməyi bacarır. Sovet dövründə də ordu quruculuğunda iştirak edən Səməd bəy bir müddət sonra səhhətinə görə orduda xidmətdən tərxis olunur. Ömrünün sonlarına yaxın Mehmandarov İslam tarixi və fəlsəfəsi ilə məşğul olur.

 

Səməd bəy Mehmandarov 1931-ci ildə Bakıda vəfat edib.

 

Yusif Mamedov