Tarixdə bu gün-Bəxtiyar Vahabzadənin anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 15:57 13.02.2024

Bu gün Azərbaycanın görkəmli şəxsiyyəti, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, böyük şair-Bəxtiyar Vahabzadənin anım günüdür.

 

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəkidə anadan olub. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızının uşaqları olmadığından onlar Bəxtiyarı övladlığa götürürlər. Bəxtiyar orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) Filologiya fakültəsinə qəbul olur. O, bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayır. Onun "Mənim dostlarım" adlı ilk kitabında toplanan lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib gələn xalqın duyğu və düşüncələri əksini tapırdı. Sonrakı illərdə Bəxtiyar Vahabzadənin yazdığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri tamaşaya qoyulur. Bəxtiyar Vahabzadə bundan başqa tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərirdi. 

 

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanan Azərbaycanın tarixi faciəsini dilə gətirir, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulurdu. Yazdığı bu poemaya görə başı bəlalar çəkən Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynovun köməyi ilə bu bəlanıda dəf etməyi bacarır. Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edirdi. Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisidir. 

 

1988-ci ildə başlayan Meydan hərəkatında fəal iştirak edən Bəxtiyar Vahabzadə xalq arasında çox böyük nüfuza malik idi. Bu hərəkatlarda illər sonra "suverenlik”, “azadlıq” şüarları irəli sürülürdü. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Bəxtiyar Vahabzadə Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirdi. Bəxtiyar Vahabzadə Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə 1995-ci ildə İstiqlal ordeni ilə təltif olunur. O, 2002-ci ildə Azərbaycan  Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 

 

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və tarixinin görkəmli şəxsiyyətlərindən biridir. Azərbaycan xalqı bu böyük şəxsiyyəti heç vaxt unutmayacaq.

 

Yusif Mamedov