Süni İntellekt insanların yerini doldurmağa davam edir
Bölmə: Araşdırma › ,Tarix: 19:46 20.02.2024
Öndə gedən süni intellekt şirkətlərindən biri olan "Otter”in CEO’su Sam Liang gün ərzində qatıldıqları saysız-hesabsız yığıncaqlardan olduqca sıxıldıqlarını və buna görə də həll yolu axtarmağa başladıqlarını, bunun yerinə iclaslara qatılacaq bir süni intellekt texnologiyası inkişaf etdirməyə başladıqlarını deyib.
Əsl insan kimi danışa, yaza və problemləri həll edə bildiyi iddia edilən süni intellekt "işçiləri" tezliklə şirkətlərin istifadəsinə verilə bilər. Bu texnologiyanın gözləniləndən daha tez həyatımıza girə biləcəyini iddia edən Liang bu insanabənzər robotların bizimlə ən böyük fərqi kimi fiziki yorğunluqdan uzaq olmaları və sıxılmaq kimi özəlliklərinin olmadığını söyləyib. Dünyanın bir çox aparıcı şirkətlərində keçirilən görüşlərdən əldə edilən məlumatları və bu şirkətlərdəki işçilərin fəaliyyətlərini öz məlumatlar bazasında toplayan yeni texnologiya sayəsində inkişaf etdirilən süni intellekt "işçiləri" konkret bir işə əsaslanacaq və bu işdə daha da təkmilləşəcəklər.
Robot əməkdaşların görüş zamanı onlara verilən ən çətin suallara belə cavab verəcəyi ön görülsə də, bəzi konkret suallara cavabsız qala biləcəkləri də bildirilib. Ancaq bu robotların ən çox çətinlik çəkəcəyi sahənin elm sahəsindən kənar amillər olduğu aşkardır. Məsələn, bir robotun insan kimi mədəni davranışları, nə vaxt başqalarının sözünü kəsməli, nə zaman səsini qaldırmalı və ya nə vaxt mehribanlıq göstərmələri kimi dəyərləri öyrənmələri hazırda qeyri-mümkün görünür.
Əli Məmmədli