Şizofreniya genetik amillərdən yarana bilər? -Psixiatr AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 22:01 20.02.2024
"Şizofreniya xəstəliyinin yaranması daha çox genetik amillərdən asılıdır".
Bu sözləri informator.az-a açıqlamasında Uzman psixiatr Azər Bağırov şizofreniya və onun yaranma səbəbləri barədə danışarkən deyib.
Psixiatr şizofreniyanın yaranmasına genetik amillərin təsirindən danışıb:
"Eyni ailədə doğulan tək yumurta əkizləri üzərində aparılan çalışmaların nəticəsində məlum olub ki, əkizlərdən övladlıq kimi başqa ailəyə verilən övladda da şizofreniya xəstəliyi yaranıb. Ona görə də deyilə bilir ki, şizofreniya xəstəliyinə ətraf mühitdən çox genetik amillər yəni ata-anadan keçən genlər rol oynayır. Əgər valideynlərin birində şizofreniya xəstəliyi varsa, uşaqlarda şizofreniyanın görülmə ehtimalı 12.5%-lə 20% arasındadır, yəni həmin ailənin 6 uşaqları olsa, o uşaqların birində şizofreniyanın əlamətləri görülə bilər.
Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman uşaqlarda görülmə ehtimalı 25-50%-dir yəni ailənin 2 uşaqları varsa uşaqdan birində şizofreniyanın əlamətlərini görə bilərik.
Bütün ölkələr üzrə buna Azərbaycan da daxil olmaqla şizofreniyanın görülmə ehtimalı 0.9-1%-dir. Məsələn, biz 10 milyonluq nəfərlik ölkədə yaşayırıq 10 milyonun 1%-i yəni 100 min nəfər yəni qeydiyyatda 100 min şizofreniya xəstəsi var".
Azər Bağırov qeyd edib ki, şizofreniya xəstəliyinin başlama yaşı ortalama olaraq 15 yaşdır.
" Şizofreniyanın ən pik görülmə yaşları 15-35 yaşlardır. Bizim gördüyümüz, gözə çarpmayan ilkin əlamətlər 15 yaşında yəni yeniyetməliyin başladığı dövürdə başlayır amma bu dövrdə valideynlər belə əlamətləri yeniyetməliklə ayırd edə bilmirlər, çünki yeniyetməlik dövrü də qarışıq dönəmdir.
İlkin əlamətlər olaraq, uşaq özünə qapanır, onda müxtəlif sahələrə qarşı yeni maraqlar yaranır. Sosial olaraq geri çəkilmə yaşayır, özünə baxımı azalır yəni çimmək , diş fırçalamaq kimi gigiyena qaydalarına əməl etmir, özünü otağa qapayır və.s. başqa fərqliliklər yaşayır. Belə hallarda valideynlər artıq şübhələnməlidir. Daha sonra qəribə sözlər deməyə başlayır, məsələn, "məni izləyirlər" yaxud da ki, dini nələrdənsə danışır, onu yaradanın göndərdiyini ddia edir və.s. kimi fərqli, reallıqdan qopuq düşüncə tərzinə qapıla bilər. Bəzən bu, çox şiddətli gedə bilər yəni heç paylaşmaz, tamamilə öz dünyasında yaşayar . Uşağa baxanda bu vəziyyəti hal-hərəkətlərindən müəyyən qədər anlamaq olar".
Psixiatr şizofreniya xəstəliyinin müalicəsinin olduğunu bildirib.
"Erkən dönəmdə başladıqda müalicə daha yaxşı olur və müalicələrin nəticələri də yüksəkdir, yəni şizofreniya psixiatriyanın ən ağır xəstəliyidir, amma yeni dərmanlarla ilk dövrlərdə 70-80% nisbətində nəticə alına bilər. Bu nəticələrdən sonra xəstə cəmiyyətə qayıda və insanlarla ünsiyyət qurmağa başlaya bilər".
Müsahib Əhməd Əhmədovun hadisəsiylə bağlı şizofreniya xəstəliyinin gündəmə gəldiyini vurğulayıb .
"Şizofreniyanın bir növü var ki, həmin növü təhlükəli ola bilər. Buna "Paranoid şizofreniya" deyilir. Şizofreniyanın digər formalarında xəstə özünə qapanır, yəni öz dünyasındadır, heç kimə zərəri yoxdur sadəcə baxıma ehtiyacı var, amma paranoid şizofreniya formasında xəstənin şübhə düşüncələri olur. O elə fikirləşir ki, onu izləyirlər, zəhərləyəcəklər, onu öldürmək istəyirlər, yeməyinə nə isə qatırlar, bu kimi düşüncələrə qapıldığı üçün qarşı tərəfə zərər verə bilər. Şizofreniya xəstələri özlərini xəstə hesab etmirlər, ona görə də müalicəni qəbul etmirlər, istəkli olmurlar bu səbəbdən də xəstənin istəyi olmadan da müalicə aparılması lazımdır. Şizofreniyanın çox nadir görülsə də, bir forması vardır ki, biz ona "Kotard sendromu" deyirik. Belə hallarda xəstə ata-anasına deyir ki, bunlar mənim atam-anam deyil, onlar mənim ata-anamın cildinə girmiş başqa məxluqlardır. Belə olduqda uşaq həmin insanları valideyn olaraq görmədiyi üçün o valideynə içlərində aqressivlik, hücum çəkmə istəyi ola bilər".
Aydan İsayeva