“NFT” və “Blockchain” texnologiyalarının gələcəyi-AÇIQLAMA

Bölmə: Araşdırma › ,
Tarix: 18:49 22.02.2024

NFT’lər  (Non-Fungible Tokens) və “Blockchain” texnologiyası necə işləyir və gələcəkdə hansı sahələrdə istifadə oluna bilər?

 

Mövzu ilə bağlı “Tedroid Media Group”un həmtəsisçisi Bəxtiyar Həsənov “informator.az”a  açıqlama verib.

“Ən sadə formada ‘Blockchain’də hər bir qeyd ‘token’ (rəqəmsal  olaraq xidmət edən crypto varlıq) adlanır. Açıq ‘Blockchain’də bütün ‘token’lar bərabərdir və  bir-birini əvəz edə bilirlər.  ‘Crypto Valyuta’ pul vahidləri isə o formada işləyir ki, bir ‘Bitcoin’i asanlıqla digəri ilə əvəz etmək olur. Bu əvəzetmədə də heç bir şey dəyişmir. Amma ‘NFT’lərdə işləmə sistemi, texnologiyası bir az fərqlidir. Orada bu ‘token’lar obyektin dəyərini və mahiyyətini dəyişdirmədən, başqa bir ‘token’ ilə  əvəz edə bilməyən rəqəmsal pul vahidi hesab edilir”.

 

Bəxtiyar Həsənov “Crypto Valyuta”lar kimi “NFT”lərin də bütün əməliyyatları qeyd etmək üçün məlumat bazası kimi “Blockchain” üzərində yaradıldığını vurğulayıb.

“ ‘Blockchain’ üzərində yaradıldığı üçün də ‘NFT’ onunla əlaqədədir. Və həmin ‘Blockchain’də ‘token’ların originallığına zəmanət verilir. Bu sistem sayəsində istənilən istifadəçi ‘blockchain’lə  hər hansı bir ‘token’in originallığını və tarixini yoxlaya bilər".

 

Bəxtiyar Həsənov gələcəkdə “NFT” bazarını nələrin gözlədiyi barədə də fikir bildirib.

“Təəssüf ki,  hazırda ‘NFT’ bazarı çöküb. ‘Coin Market Cap’in 2023-cü ilin sentyabrında yayımladığı statistikaya əsasən, bazarda olan təqribi 73.250  ‘NFT’ kolleksiyası məlumdur. Qeyri-məchul olan isə təxmini 75.000 kolleksiya olduğu düşünülür. Həmin kolleksiyaların 95 faizinin (təqribi 70.000) dəyəri artıq sıfıra bərabərdir. Yəni müflis olmuş ‘NFT’lər hesab olunur. Və statistikalar onu göstərir ki, bu bazarın çökməsilə 23 milyon insanın əldə etdiyi ‘NFT’lərin dəyəri sıfıra enib. Onu deyə bilərik ki, ‘NFT’lərin dəyəri sahib olduğu dəyər baxımından o qədər də əhəmiyətli görünmür və ‘NFT’ alış-satışı hazırda minimuma enib. Yatırım cəhətdən biz ‘NFT’ni düşünürüksə, heç bir nəticə almayacağıq".

 Son olaraq, Bəxtiyar Həsənov “NFT”lərin gələcəyinin yalnız oyun bazarında, oyunçuların oyundaxili alış-veriş ilə “pack” əldə etməsi nəticəsində əldə etdiyi “item”lərdə olduğunu deyib.

 

Əli Məmmədli