Tarixdə bu gün-Həsənağa Turabovun anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 16:47 23.02.2024

Bu gün Azərbaycanın böyük aktyor və rejissoru, Azərbaycan SSR xalq artisti-Həsənağa Turabovun anım günüdür.

 

Həsənağa Turabov 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildə də Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayan Həsənağa ömrünün sonuna qədər bu teatrda çalışıb. 

 

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru və baş rolu olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olub.

 

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

 

Həsənağa Turabov 2003-cü ildə 64 yaşında Bakıda vəfat edib.

 

Yusif Mamedov