"Çin texnologiya ixracı nöqteyi-nəzərdən ön plandadır"-Ekspertdən açıqlama

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:03 29.02.2024

Azərbaycan nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə Çin şirkətinin cəlb edilməsində maraqlıdır. Azərbaycanla Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" şirkəti arasında nəqliyyat sahəsində müzakirələr aparılıb.

 

Azərbaycan-Çin iqtisadi əlaqələri necə inkişaf edir? Çin şirkətləri Azərbaycanda başqa hansı sahələrdə inkişaf edəcək?

 

“İnformator.az” a açıqlamasında iqtisadiyyat eksperti, professor Elşad Məmmədov məsələyə münasibət bildirib. 

 

"Sözsüz ki, Azərbaycanın nəqliyyat ekosisteminə Çin texnologiyalarının cəlb edilməsi ölkəmizin nəqliyyat strukturunun kifayət qədər mütərəqqi mexanizmlərlə zənginləşməsinə xidmət göstərə bilər. Belə ki, Çin bu istiqamətlər üzrə çox böyük təcrübəyə malikdir. Bu gün, ümumiyyətlə, texnologiya ixracı nöqteyi-nəzərdən Çin dünyada ön planda olan ölkədir. Mən deyərdim ki, hətta birinci yer tutan dövlətdir". 

 

Müsahib qeyd edir ki, ölkəmizdə Çin texnologiyalarının idxalı bir çox istiqamətlər, o cümlədən, nəqliyyat ekosisteminin inkişafı baxımından olduqca önəmlidir.

 

"Kənd təsərrüfatı sektorunda yüksək texnoloji sahələrin inkişafı baxımından, süni intelektin iqtisadiyyatda tətbiqi nöqteyi nəzərdən, yeni texnoloji quruluşun ümumilikdə aparıcı istiqamətləri baxımından Çin texnologiyalarının ölkəmizə idxalı məqsədə uyğundur". 

 

Ekspert vurğulayır ki, eyni zamanda, Çin ilə əməkdaşlığın daha bir müsbət və ölkəmiz üçün əlverişli olan tərəfi ondan ibarətdir ki, Çin öz ticarət və iqtisadi tərəfdaşlarına əlavə siyasi, ictimai şərtlər qoymur, hansısa ölkənin daxili işlərinə qarışmaq kimi meyilləri tətbiq etmir. Bu yanaşmalar Çin dövlətinə xas deyil. 

 

Elşad Məmmədov sonda qeyd edir ki, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Çinlə yaxın, orta və uzun müddətli perspektivdə bir çox sahələr üzrə iqtisadi müstəvidə əməkdaşlıq qura bilər və bu, ölkəmiz üçün məqsədəuyğundur. 

 

 

Gülnisə Əfkari