Azərbaycanda devalvasiya gözlənilirmi?-İqtisadçı AÇIQLADI

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:28 29.02.2024

Azərbaycanda devalvasiyanın olması ilə bağlı bir sıra iddialar vətəndaşlar arasında təşvişə səbəb olub.

 

Vətəndaşlar banklarda olan vəsaitlərini dollara çevirməklə özlərini mövcud risklərdən qorumağa çalışır, ya da bankdakı əmanətlərini geri çəkirlər.

 

Bu barədə narahat olmağa əsas varmı?

 

 

Bu hala səbəblər nələrdir?

 

Bu haqda iqtisadçı Fuad İbrahimov "İnformator.az"a açıqlama edib.

 

"Caamatın arasında heç bir əsası olmayan panika yaranıb. Azərbaycan üzən məzənnə rejimində deyil, mərkəzləşdirilmiş idarəetmə üslubu var. Dollara qarşı Mərkəzi Bank konkret olaraq bir məzənnə müəyyən edib: bir manat, yetmiş qəpik. Dollar digər dünya valyutalarına nisbətdə baha olsa da, ucuzlaşsa da, Azərbaycan artıq 2016-cı ildən bu məzənnədə stabil olaraq qalıb. Hökümət başqa qərarlar qəbul edə bilər, ancaq bunun üçün hər hansı bir zəmin yoxdur. Biz 2015-ci ildə iki ardıcıl devalvasiyaya gedəndə, bunun müəyyən səbəbləri var idi. Dünya bazarlarında neftin qiyməti kifayət qədər aşağı düşdü və maliyyə sektoru da bunu düzgün dəyərləndirə bilmədi. Daha sonra idxal-ixrac əməliyyatları arasında kəskin disbalans yarandı və bunun nəticəsində devalvasiyaya məcburi qaydada gedildi. Fəqət indi belə bir məcburiyyət yoxdur".

 

Ekspert bildirir ki, manatla bağlı hər hansı təhlükəli bir hal yoxdur.

 

"2021-ci ildə neftin qiymətində fantastik dərəcədə ucuzlaşma baş verdi. Heç o zaman belə devalvasiya olmadı, indi də stabillikdir. Vətəndaşlar panikaya qapılmasınlar. Devalvasiyaya gedilməmişdən əvvəl, elə bir zəmin yarandı və biz bunun proqnozunu verdik. Əvvəllər buna heç kəs inanmırdı, məhəl qoymurdu, indi isə hər şey tərsinədir..".

 

 

Gülay Qəribova