COP29 ölkəmizdə hansı dəyişikliklər edəcək?-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:22 29.03.2024

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər.

 

2024-ci ilin noyabrında keçiriləcək COP29 ölkəmizdə hansı dəyişikliklərə səbəb olacaq?

 

Bu barədə “İnformator.az”a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev bildirir ki, noyabr ayında COP29-un ölkəmizdə keçirilməsinə bir neçə tərəfdən baxmaq lazımdır:

 

“Birinci olaraq, biz bunu iqtisadi baxımdan qiymətləndirsək ölkədə sahibkarlıq sferasında ekoloji təmiz istehsal avadanlıqlarının tətbiqinin genişləndirilməsi, sıfır tullantı istehsal prosesinə çatması məsələsi önə çəkilib və aktuallaşdırılıb. Bu da istər-istəməz sahibkarlıq subyektlərini bu işdə yaxından iştiraka həvəsləndirəcəkdir. Digər məsələ isə bu çərçivədə işlərin görülməsi Azərbaycanın dünyada da sıfır tullantı, ekoloji baxımdan gördüyü işlərin təməli olması istiqamətində də çox mühüm əhəmiyyət kəsb edir. Bu həm böyük şəhərlərin təmizlənməsi, həm də rayon və kəndlərdə sıfır tullantıya nail olunması, tullantıların düzgün idarə olunması , o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qarşısında qoyulan məqsədlərə çatmaq istiqamətində Azərbaycanın atacağı addımları göstərmiş olacaq".

 

Gülnisə Əfkari