Könüllükdən kariyeraya
Bölmə: Sosial › ,Tarix: 21:05 09.04.2024
Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların layiqli vətəndaş olaraq yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələrində uğurla təmsil olunur, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarırlar.
Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun oynadı. Bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. İlk dəfə Bakı şəhəri ərazisində başlanan könüllülük fəaliyyəti tezliklə bütün ölkə ərazisindəki “ASAN Xidmət” mərkəzlərində təşkil olunmağa başlandı. Sevindirici haldır ki, tezliklə bu tendensiya digər dövlət orqanlarının fəaliyyətində də tətbiq olunmağa başlandı. Bunlara misal olaraq Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və digər dövlət orqanlarının təcrübələrini göstərmək olar. Beləliklə, gənclərə öz bilik və bacarıqlarını praktiki cəhətdən inkişaf etdirmək və gələcək karyeralarını qurmaq üçün çox geniş imkanlar yarandı. Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması bunun bariz ifadəsi, sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.
Bəs könüllülük nədir, könüllü kimdir, könüllülük bizə nə verir?
Könüllü-Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
Könüllülük insanın könlünü, sevgisini, bilik və təcrübələrini, maddi-mənəvi imkanlarını heç bir qarşılıq gözləmədən digər insanlar, bütün canlı, cansız varlıqlar üçün sərf etməyə niyyətli və istəkli olması, bu yolda xidmət etməyə səy göstərməsidir. Sərəncamda da vurğulandığı kimi, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi qeyd olunan könüllülük fəaliyyəti həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.Könüllülük fəaliyyəti bütün istiqamətlər üzrə yeni çağırışlar olmaqla bərabər, özündə mərhəmət və ədalət kimi yüksək insani keyfiyyətləri tərənnüm edir. Bunuda qeyd edək ki,tək ASAN Xidmət yox digər dövlət qurumlarında (Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Kamitəsi, DOST Agentliyi və.s) öz etimadını qazanmış könüllü gənclər çalışdıqları yerlərdə əməkdaş kimi işə başlayıblar.
Bəs gənc könüllülərin bu sahədə düşüncələri nələrdir? Bununla bağlı 1 saylı ASAN Xidmət mərkəzi könüllülərinin fikirlərini öyrənək.
Zeynəb Səmədzadə:Bu yaşıma qədər hər zaman könüllü olmaq məqsədim olub. Təəsüf ki, bəzi səbəblərdən dolayı bu alınmamışdı. Lakin təhsil aldığım universitet tərəfindən 1 saylı ASAN Xidmətə praktikaya göndərilikdən sonra bu fəaliyyətlə yaxından tanış olmaq imkanı əldə etdim. Mərkəzdə təcrübəçi olduqdan sonra eyni zamanda könüllü kimi də fəaliyyətə başladım.Könüllülük mənə insanlarla səbrlə işləmək, vətəndaşlara yardım etmək(ərizə yazmaq, xidmətlərə yönləndirmək və.s) çətin situasiyaları idarə etmə bacarığı,operativ düşüncə, daha çox özünü inkişaf etdirmək kimi xüsusiyyətləri mənə aşıladı. Qrup rəhbəri olduqdan sonra artıq işin bir pillə daha çətin, ciddi və məsuliyyətli olduğunun fərqinə vardım. Könüllü fəaliyyəti insanların ön planda gördüyü ilə kifayətlənmir. İşin arxa planında hərşey ciddi və sürətli tempoda dəvam edir. Seçim mərhələsi isə maraqlı və incə detallara əsasən aparılır. Əgər bu gün bu qədər təcrübəyə sahibəmsə özümü səlis ifadə edə bilirəmsə bunu 1 saylı ASAN Xidmətə borcluyam.
Əhmədağa Hüseynov: ASAN xidmətdə könüllük mənə yeni tanışlıqlar qazandırdı, dövlət qulluğunda təcrübə imkanı, yeni dostlar,yeni biliklər və sairə imkanlar qazandırdı. Hər bir gəncə könüllü kimi fəaliyyət göstərməyi tövsiyyə edirəm. Bəzi insanlar könüllü olmağa aşağı baxsalarsa bu fikirlə razı deyiləm. Çünki bəzi könüllülərimiz varki ASAN Xidmət mərkəzlərində işlə təmin olunublar.
Səidə Əliyeva: Hər kəsə məlumdur ki, ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb. Könüllülük fəaliyyəti hər bir gənc üçün yeni imkanlardan istifadə etmək üçün önəmli fürsətdir. Unudulmaz, gözəl xatirələr toplamışam. Yeni dostlar, yeni təcrübələr, fərqli mühitlər, əyləncəli və maarifləndirici mühitlər əldə etdim. Bütün bunlara görə özümü çox şanslı hiss edirəm. Çox şey danışa bilərəm. O qədər gözəl, maraqlı bol xatirələr var ki. Qazandıqlarıma hər baxanda, hər düşünəndə qürur hissi yaşayıram. Bütün gənclərə tövsiyəm könüllülk deyəndə o mənə nə verəcək ki düşünməsinlər. Könüllülük gənclik üçün hər şey deməkdir, bizə təcrübə, bilik və yeni tanışlıqlar qazandırır. Və mən gələcəkdə burda çalışmağı çox istəyirəm.
Nərmin Nağıyeva