Gürcüstanda etiraz edilən qanun layihəsini parlament qəbul etdi

Bölmə: Dünya › ,
Tarix: 20:42 14.05.2024

Gürcüstanda müxalifətin müxalif fikirlərin yatırılması üçün istifadə ediləcəyi səbəbilə qarşı çıxdığı “xarici təsir” qanun layihəsi parlamentdə qəbul edilib.

 

Gürcüstan parlamentariləri qanun layihəsini 30 əleyhinə 84 səslə təsdiqləyiblər.

 

Prezident Salome Zurabiclivi qanuna veto qoyacağını bildirib, lakin hakim partiyanın nəzarəti altında olan parlament qanunu bir daha qəbul edib prezidentin vetosunu aşmağa qadirdir.

 

Paytaxt Tbilisidə qanuna qarşı etirazlar davam etsə də, hökumət insanların əksəriyyətinin qanun layihəsini dəstəklədiyini iddia edir. Gürcüstanın Sovet İttifaqından müstəqillik əldə etdiyi 1991-ci ildən bəri tarixində ən böyük etirazlardan birinə səbəb olan qanun layihəsi bazar ertəsi parlamentdə sonuncu dəfə müzakirə edilib və Ədliyyə Komissiyası tərəfindən qəbul edilib.

 

Gürcüstanın baş naziri İrakli Kobahidze qanun layihəsinin qüvvəyə minəcəyinə söz verib.

 

Qanun layihəsi nəyi nəzərdə tutur?

Müxaliflərin “Rusiya qanunu” kimi tənqid etdiyi layihədə vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan qurumların “xarici təsir agentləri” kimi qeydiyyata alınması nəzərdə tutulur.

 

Hakim Gürcü Arzusu Partiyası bu qanunun QHT-lərin maliyyələşdirilməsinə şəffaflıq gətirmək və ölkəni xarici təsirlərdən qorumaq üçün zəruri olduğunu müdafiə edir.

 

Kreml Sarayı da Gürcüstan hökumətinin qarşısını almaq cəhdlərinə baxmayaraq, xarici dövlətlərin ölkənin daxili işlərinə qarışmağa çalışdığını əsaslandırıb.

 

Müxalifət niyə qanun layihəsinə qarşı çıxır?

Müxalifət partiyaları qanun layihəsini “Rusiyasayağı qanun” kimi qiymətləndirir və müstəqil media qurumlarının və qeyri-hökumət təşkilatlarının bu qanunla damğalanacağını və susdurulacağını iddia edirlər.

 

2023-cü ilin sonunda Gürcüstana “namizəd ölkə” statusu verən Avropa İttifaqı (Aİ) də qanun layihəsinin Aİ dəyərlərinə uyğun gəlmədiyi barədə xəbərdarlıq edib.

 

Analoji “xarici agent” tənzimləməsi Rusiyada 2012-ci ildə qüvvəyə minib. Bu qanun çərçivəsində illər ərzində Qərbdən maliyyə alan qeyri-hökumət təşkilatları və KİV-lər hədəfə alınıb.

 

Etirazlarda nə baş verdi?

Qanun layihəsinə qarşı çıxanlar bir aydır ki, etirazlarını davam etdirirlər.

 

Çərşənbə axşamı müxalifətin parlament binası qarşısına toplaşdığı və polislə toqquşmaların olduğu bildirilir.

 

Rusiyanın rəsmi TASS xəbər agentliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, etirazlar zamanı 20 nəfər həbs edilib. Bunlara iki ABŞ və bir Rusiya vətəndaşı daxildir.

 

Birləşmiş Ştatlar (ABŞ) keçən həftə nümayişçilərə münasibətdən "dərin narahat olduğunu" bəyan etdi və "təqib və fiziki hücumlar" xəbərlərini müstəqil araşdırmaya çağırdı.

 

Aynur Babayeva