"Qeydiyyatı və təsdiqi olmadan fəaliyyət göstərən obyektlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək” - QoşqarTəhməzli
Artıq qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. Hətta “müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 560 ədəd məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılıb:
“Qeydiyyatı və təsdiqi olmadan fəaliyyət göstərən obyektlərlə bağlı ciddi tədbir görüləcək. Qida Təhükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, bu ilin birinci yarımilliyi üzrə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı Agentliyə yerli qida obyektlərindən 4 214 müraciət daxil olub: "Həmin müraciətlər əsasında 3 905 qida obyekti qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib".
AQTA-nın sədri Qoşqar Təhməzli deyib ki, yeni qanundan irəli gələrək qida və yem obyektlərinin qeydiyyatı və təsdiqi qaydası hazırlanıb: "Qayda təsdiq olunduqdan sonra indiyədək yüksək riskli məhsullara aid qeydiyyata alınmış obyektlər yeni qanuna uyğun olaraq təsdiq edilmək üçün yenidən qiymətləndiriləcək. Qeydiyyatı və təsdiqi olmadan fəaliyyət göstərən obyektlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək”.
AQTA sədri qeyd edib ki, bu ilin 6 ayında idxal və ixrac əməliyyatları zamanı 37 55 müraciət əsasında 24 94 fitosanitar sertifikat və icazə sənədi verilib. O , idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq edilən zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərildiyini vurğulayıb: “Bu bildirişlərdən 193-ü İrana, 87-si Belarusa, 60-ı Türkiyəyə, 43-ü Rusiyaya, 9-u Pakistana, 7-si Ukraynaya, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 2-si Gürcüstana, 2-si Niderlanda, 1-i Xorvatiyaya, 1-i İspaniyaya, 1-i Lüksemburqa və 1-i Misirə ünvanlanıb. İrandan idxal olunan portağal, bibər və kivi, Belarusdan gətirilən ərzaqlıq kartof, Türkiyədən idxal edilən naringi məhsullarında viruslar aşkarlandığı üçün ixracatçı və idxalatçı şirkətlərə müvəqqəti olaraq qadağa tətbiq edilib”.
Qeyd edək ki, Azərbaycanda unun zənginləşdirilməsinə də başlanılacaq. Bu çərçivədə UNİCEF-lə birlikdə unun zənginləşdirilməsinə dair formul müəyyənləşdirilib. Pilot olaraq bu istiqamətdə şirkətlərlə danışıqlar aparılıb və razılıq əldə olunub. Bununla da əhali arasında dəmir defisiti, anemiyanın qarşısı alınacaq .
