"Söyüdlüdə hava monitorinqi təhlükəli maddələrin normadan artıq olmadığını göstərib" - Muxtar Babayev
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdən danışarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyinə toxunub, sərt xəbərdarlıq etdi. Bu xəbərdarlıqdan sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev komissiyanın işi ilə bağlı brifinq keçirərək Gədəbəyin Söyüdlü kəndində iyunun 22-də monitorinqlərə başladığını bildirdi.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiya üzvlərinin kənd sakinləri ilə görüş keçirdiklərini deyib: “Texnoloji proses ilə tanış olublar, o cümlədən tullantı suları üçün tikilmiş gölün monitorinqi aparılıb. Kənd sakinlərində narahatlıq vardı ki, göldən gələn havanın qoxusu onların sağlamlığına neqativ təsir göstərə bilər. İlk gündən havanın keyfiyyətinin nəticələrini əhaliyə çatdırmağa çalışdıq. Hava monitorinqi nəticəsində məlum oldu ki, təhlükəli maddələr normadan artıq deyil”.
Torpaq üzərində aparılan təhlillərin nəticəsi isə iyulun 25-də açıqlanacaq. Nazir həmçinin bildirdi ki, tullantıxana ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb. Onun sözlərinə görə, tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb.
Qeyd edək ki, iyulun sonunda Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın növbəti iclası olacaq. Bundan sonra detallı məlumat veriləcək. Onu da bildirək ki, Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Hazırda mövcud tullantı anbarının istismar müddətinin bitməsinə üç aydan az vaxt qaldığı, ikinci anbarın tikintisinə razılıq verilmədiyi məlum olub. Şirkətlə fəaliyyətini müvəqqəti dayandırması təklifləri ilə bağlı razılıq əldə olunub. Muxtar Babayev əlavə edib ki, Söyüdlüdə istismarçı şirkət lazımi işlər aparmasa, pay bölgüsü ilə bağlı daha sərt addımlar atılacaq.
