Dünyanızda göyqurşağının yaranmasına, əskik olanı anlamaq üçün özünüzə icazə verin - Aydan Qasımova yazır
Bəzən siz siz ola bilmirsiniz. Tanımırsınız özünüzü, sevə bilmirsiniz. Sevmək istəmirsiniz, bacarmırsınız. Vaxt keçir, bəlkə, günlər, aylar, illər ötür və özünüzü sevə bilməzkən bir başqasına bağlanırsınız. Uzaqlaşmağa çalışsanız belə alınmır. Ya da alına bilər də siz alındırmırsınız. O əvəzliyi başqa bir yerə keçir qəlbinizdə. Necə də qəribədir.. . Bu əvəzliyi sevməyənlər belə "o"-na tutulur.
Mən bunu göy üzünə bənzədirəm. Buludlar göy üzünü tutduğunda yağış yağmağa başlayır, Günəşə tutulduğunda. Sonra yağış damlaları, sanki göz yaşları.
Bir zaman dilimindən sonra göyqurşağı yaranır, hansı ki, insanlar çox sevir, şəkillərini çəkir, elə hey paylaşır, heç görməmiş, qarşılaşmamış kimi davranır. Sanki insan tutulduqdan sonra göz yaşları onu ağıllandırır da başqa birinə, göyqurşağına çevrilir. Lakin bu göyqurşağı bildiyimiz göyqurşağı deyil. Elə olur ki, onun rəngbərəngliyi heç özündə olmayan qara ilə əvəzlənir, bəzən bəyazla, bəzən də, ümumiyyətlə dəyişmir.
Bəhs etdiyim şey dünyamızı qaraldan insanlara aiddir, təbii ki.
Dedim ha, rənglərini bir rəngə dəyişə bilir deyə, amma yaxşı yönündən də baxmağı bacarın. Hardan bilirsiniz ehtiyacı olan rəng olmadığını? Hardan bilirsiniz bizə tanış göyqurşağı olaraq yaşamına davam etməli olduğunu?
Həyatımızda bir çox tutulmalar, yağışlar, dolular baş verə bilər. Önəmli olan ondan nəticə çıxarmağımızdır. Unutmamaq lazımdır ki, hamı bir-birinə uyğun olmaya bilər. O göyqurşağını gözəlləşdirən rəngləridir. Bəlkə də, rənginiz qara, yaxud ağ idi də, rəngarəng oldunuz?
Siz yaxşı ola bilərsiniz, o əvəzliyini gözəlləşdirən insan da, həmçinin. Lakin birlikdə yaxşı insan olmağı bacarmırsınızsa yaxud ümumiyyətlə, yaxşı insan deyilsə, yağışın yağmasına, fırtınalara icazə verin və sonra dünyanızda göyqurşağının yaranmasına, əskik olanı anlamaq üçün özünüzə icazə verin.
Hazırda valideynlər çox qarşı çıxır bu düşüncələrə. Necə yəni birdən çox insan həyatına daxil ola bilər? Xüsusilə də, qızlar üzərində təzyiq mövcuddur hazırda. "Qız hara, sevgi hara?", "Bizim vaxtımızda adamın üzünü evlənəndə görürdük!"
Qaydaları pozmaq hər zaman doğru deyil, lakin bəzən lazımdır və bu mənim şəxsi düşüncəmdir. Hər hekayə xoş sonluqla bitməlidir deyə bir qayda olmaz, ola bilməz. Hekayələri sevdirən də elə onların fərqlilikləridir, əslində. Özəlliklə də, hər kəsin fərqli olmağa, gözəl olmağa çalışdığı zamanda "eynilik" qavramı çox sıxıcı gəlir insanlara.
Siz siz olun, bağlanın, sevin, bəzən ağlayın yaxud gülün. Lakin şüurla, ağlınızla addım atmağı da unutmayın.
-Siz siz olun...
+Aha, sonra?
-Heç, sadəcə, siz olun. Çünki özün olmağı bacarsan, başqa sualın da qalmayacaq onsuz da...
Aydan Qasımova
