"Çalışdığım bütün işlərdən zövq almışam və o sahədə dəyər yaratmağa nail olmuşam" Pərvanə İbrahimova
Jurnalist necə fəaliyyət göstərməlidir? Media savadlılığı Azərbaycanda hansı dərəcədə inkişaf edib? İş, yoxsa karyera daha önəmlidir? Bu və digər sualları jurnalist, həmçinin Bakı Dövlət Univertistetinin Jurnalistika fakültəsinin müəllimi Pərvanə İbrahimova cavablandırıb.
Pərvanə İbrahimova 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. Sonra on il BDU-nun Mətbuat və İnformasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. Bacarıq və təşkilatçılığına görə o, 2010-cu ildə BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib. On il də bu vəzifədə işləyib. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir. Doğum gününü bir daha təbrik edir və bundan sonrakı həyatında da ona uğurlar arzulayırıq.
Jurnalist olmanın çətinlikləri nələrdir?
Jurnalist olmağın xüsusi çətinliyi yoxdur. Əgər jurnalist peşəsinin məsuliyyətini dərk edərsə, təqdim etdiyi materialı cəmiyyəti təmin edəcək səviyyədə hazırlayarsa, faktları təhrif etməzsə, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymazsa, arzuolunmaz, təxribat yarada biləcək məlumatlardan uzaq olarsa, etik normaları gözləyərsə, düşünürəm ki, o, fəaliyyəti boyunca hansısa çətinliklə üzləşə bilməz. Jurnalistika, ümumiyyətlə, zəhmət tələb edən sahədir. Çünki cəmiyyəti informasiya ilə məhz jurnalist təmin edir, ictimai fikrə təsir imkanları böyükdür. Bir sözlə, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşsa, çətin və problem yarada biləcək situasiyalarda hüquqlarını bilsə, mediada yayımlanan informasiyaya dair tələblərə əməl etsə, hər hansı çətinliklə üzləşməsi mümkünsüzdür.
Günümüzdə media orqanları oxucuların gözləntilərini qarşılayırmı, bunu necə dəyərləndirərsiniz?
Ölkəmizdə ictimai-siyasi, o cümlədən idman, mədəniyyət, ədəbiyyat, texnologiya sahəsində ixtisaslaşmış çoxsaylı veb-resurslar mövcuddur. Həmin resurslarda müxtəlif məzmunlu, fərqli janrları əhatə edən materiallar yayımlanır və bu baxımdan oxucu media qurumunu maraq dairəsinə uyğun olaraq müəyyən edir, məlumatları davamlı olaraq həmin resursdan alır. Bugünkü oxucu olduqca tələbkardır, ona nəyisə diqtə etmək mümkün deyil. Eyni zamanda sosial media kimi əlçatan və operativ resurslar alternativ mənbə rolunu oynayır və informasiya çatımlılığını təmin edir.
Çalışdığınız fəaliyyət sahələrindən hansından daha çox zövq almısınız?
Çalışdığım bütün işlərdən zövq almışam və o sahədə dəyər yaratmağa nail olmuşam. İstər işlədiyim qəzet və saytlarda, istərsə uzun illər mətbuat katibi kimi fəaliyyət göstərdiyim müddətdə, istərsə də hazırda müəllimlik fəaliyyətim və media sahəsində işimdən zövq almışam. Bu amil, işə yanaşma forması böyük uğurla nəticələnib".
Sizcə, media savadlılığı məsələsi Azərbaycanda hansı dərəcədə inkişaf edib?
Bilirsiniz, media savadlılığı mənbəyindən asılı olmayaraq bütün məlumatları tənqid edən, oxuduqlarını başa düşən, yaxşı ilə pisi seçməyi ayırd edən bir nəsil yetişdirməkdir. Media savadlılığı məsələsində jurnalistin məsuliyyəti həm də ona görə çoxdur ki, o, birbaşa informasiya ötürücüsüdür, cəmiyyəti əsasən o, məlumatlandırır, bu baxımdan jurnalistin bu istiqamətdə rolu heç kim və heç nə ilə müqayisə oluna bilməz. O, cəmiyyətə təsir gücünü nəzərə alıb ancaq fakta əsaslanmalıdır, saxta, təsdiqlənməmiş məlumat yayarsa, cəmiyyətdə çaşqınlıq yaradar. Belə deyim var, “Doğru ayaqqabılarını bağlayana qədər, yanlış bilgi dünyanı gəzib gəlir". Jurnalist həmişə doğrunu yazmalı, doğrunu deməlidir, çünki bunu onun peşəsi tələb edir. Media savadlılığının 2020-ci ildə SABAH qrupları çərçivəsində BDU-nun Fizika, Kimya, Biologiya, Tarix, Sosial elmlər və psixologiya ixtisaslarında, paralel olaraq jurnalistika fakültəsində seçmə fənn kimi tədrisinə başlanılıb. Düzdür, sonradan SABAH qruplarında bu fənnin tədrisi dayandırılsa da, yenidən bütün fakültələri əhatə etməklə tədrisi planlaşdırılır. Media savadlılığı həm də Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindəndir və orta məktəblədə tədrisi istiqamətində müvafiq qurumlarla müzakirələr aparılmaqdadır. Media savadlılığı orta məktəblərdə ona görə tədris olunmalıdır ki, yeniyetmə media alətlərində aldığı informasiyanın mahiyyətini dərk etsin və özünü zərərli məlumat axınından qorusun. Xarici təcrübəyə nəzər salsaq görərik ki, media ilə əlaqəli qurumlar, sistematik olaraq media savadlılığı ilə bağlı müxtəlif irimiqyaslı tədbirlər təşkil edir, tədris materialları hazırlayır. Təlimatlar məktəb kurikulumlarına daxil edilir, gənclərə, valideynlərə və pedaqoqlara mediadan təhlükəsiz və məsuliyyətlə istifadə etməyə kömək edən şəbəkələr, portallar, “Onlayn Media Savadlılığı Strategiyası” hazırlanır.
Bundan sonra həyatınıza hansı istiqamətdə davam etməyi düşünürsünüz?
Media, jurnalistika və jurnalist kadrlarının hazırlanması həyatımın ayrılmaz hissəsidir.
Ailə, yoxsa karyera?
Hər ikisi. Onun biri digərinə qurban verilməməlidir.
Pərvanə İbrahimova həm müəllim, həm də media işçisi kimi gənclərə nələr tövsiyə edir?
İxtisasınızı sevsəniz, işinizə məsuliyyətlə yanaşsanız, böyük uğurlara, hədəflərinizə çatacaqsınız.
Aydan Qasımova
