00:00:00
Yazar
Güllər Gülhüseynova
31.03.2026 21:25 37 2 dəq oxuma
Media

Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar

Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar

Martın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər.

 

Görüş zamanı Mərkəzin koordinatoru Deniz Demir qurumun fəaliyyəti, strukturu və saxta məlumatlara qarşı mübarizə üsulları barədə məlumat verib. Bildirilib ki, Mərkəz dezinformasiyanın aşkarlanması və qarşısının alınması istiqamətində sistemli işləyir.

 

Mövzu ilə bağlı media eksperti Yadigar Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə ilə bu sahədə qurulan əməkdaşlıq olduqca faydalıdır:

 

“Bu günlərdə bizim Media Agentliyinin nümayəndələri Türkiyədədir. Bu görüşlərdə aparılan fikir mübadiləsi birbaşa bizim marağımızda olan məsələləri əhatə edir. Ümumiyyətlə, hazırda dünyada ən problemli məsələlərdən biri məhz dezinformasiya və saxta xəbərlərin yayılmasıdır. Bu da sosial şəbəkələr üçün çox münbit şərait yaradıb. Bu gün dünyada saxta xəbərlərin, dezinformasiyanın və tanınmış insanların hədəf seçilərək "linç edilməsi" hallarının şahidi oluruq. Müxtəlif ölkələr bu mənfi hallarla mübarizə üçün fərqli formalar tətbiq edir, qanunvericilik aktları qəbul edirlər. Azərbaycanda da bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklər edilib və sosial şəbəkələrdə belə halların qarşısının alınması üçün müəyyən məhdudiyyətlər qoyulub. Türkiyədə isə bu sahə ilə məşğul olan konkret ixtisaslaşmış qurumlar mövcuddur. Əməkdaşlıq, təbii ki, ümumi işin xeyrinədir. Sosial şəbəkə artıq elə bir məkandır ki, orada hamının birgə fəaliyyəti real nəticələr verə bilər. Azərbaycan Türkiyə ilə bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də sıx əməkdaşlıq edir.
Ümid edirəm ki, bu görüşlər nəticəsində qurulan əməkdaşlıq formaları Azərbaycanın sosial şəbəkə seqmentində də müəyyən sahman işlərinin görülməsinə, qanunların və etik qaydaların gözlənilməsinə kömək edər. Bu dövlətimizin də marağında olan məsələdir ki, bu sahədə qanunlar effektiv işləsin. Hər nə qədər sosial şəbəkələrdə hüquqi tənzimləmə mürəkkəb olsa da, bir çox inkişaf etmiş Avropa ölkələrində bu artıq yavaş-yavaş tətbiq olunur. Söhbət qadağalardan deyil, etik davranış qaydalarından gedir. Necə ki, yazılı və onlayn mətbuatda jurnalistlərin peşə davranışı qaydaları və etik normaları gözlənilir, eyni yanaşma sosial şəbəkələrdə də tətbiq olunmalıdır. Çünki sosial şəbəkələr elə nəhəng bir platformadır ki, orada yayılan fikirlərin çox ciddi təsirləri olur. Dezinformasiya həm müəyyən şəxslər, həm də dövlət üçün ciddi təhdidlər yaradır. İnformasiya təhlükəsizliyi və kiber-təhlükəsizlik məsələləri dövlətin marağında olan mövzulardır. Bu baxımdan, Türkiyə ilə qurulan əməkdaşlıq ümumi işimiz üçün olduqca faydalıdır”.

 

 

Lalə Qurbanlı

#Media #Azərbaycan #Türkiyə #informasiya #dezinformasiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər