00:00:00
Yazar
Zəri Bayramlı
08.05.2026 21:03 38 4 dəq oxuma
Media

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan konfrans keçirildi

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan konfrans keçirildi

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi.

 

Tədbirdə BDU rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, millət vəkilləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

 

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev çıxışında dahi rəhbərin bütün mənalı ömrünü xalqına xidmətə və müstəqil dövlət quruculuğuna həsr etdiyini diqqətə çatdırdı:

 

“Bu gün biz müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, dahi siyasi xadim və Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü dərin ehtiram və sonsuz məhəbbət hissi ilə qeyd edirik. Onun zəngin və çoxşaxəli irsi, dövlətçilik fəlsəfəsi və siyasi uzaqgörənliyi hər bir azərbaycanlı üçün örnək olmaqla yanaşı, gələcək inkişaf yolumuz üçün də möhkəm təməl rolunu oynayır. Ulu Öndərin həyatının əsas qayəsi xalqına xidmət, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, milli dəyərlərin yaşadılması olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universiteti kimi nüfuzlu ali təhsil ocağının sədaları və gələcək məzunları olaraq, siz Ulu Öndərin xüsusi diqqət yetirdiyi bir mühitdə təhsil alırsınız. Onun məşhur sözlərini yada salmaq istərdim: “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”. Məhz bu fikirlər ali məktəbimizin ölkəmiz üçün əhəmiyyətini bir daha təsdiq edir.Bu ənənələri qorumaq, Ulu Öndər Heydər Əliyev irsini, onun azərbaycançılıq ideologiyasını dərindən öyrənmək və inkişaf etdirmək isə bizim hamımızın borcumuzdur”.

 

 

Konfransda çıxış edən millət vəkili, professor Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyətini tarixi faktlar əsasında təhlil edib. O bildirib ki, Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir dövrdə milli maraqları hər şeydən uca tutaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin hazırladı:

 

“Sovet dövründə 1969-82-ci illərdə Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi kimi Azərbaycanın rəhbəri idi. Hər kəsin yaddaşında həkk olunub və bizim millətin gələcəyinə təsir eləyən bir neçə mühüm qərarlar qəbul edildi. İlk dəfə olaraq 20-ci əsrdə azərbaycanlılar Bakı küçələrində iki dəfə qürurlu addımlayıblar. Biri Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını azad edəndə, ikincisi 70-ci Heydər Əliyevin hakimiyyəti illərində. Bizim dilimiz həmişə sıxışdırılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə ilk dəfə olaraq dilçi alimlərə dövlət mükafatı təqdim olundu”.

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərin kökləri məhz 1970-ci illərə dayandığını qeyd etdi:

 

“Qələbənin memarı Ali Baş Komandan İlham Əliyevdirsə, o ordunun özəyini təşkil edən milli hərbi ruhun və kadr bazasının "babası" Heydər Əliyevdir. O, hələ sovet illərində Azərbaycanın bir gün müstəqil olacağını və bu dövlətin öz ordusuna ehtiyac duyacağını uzaqgörənliklə hiss etmişdi. Sovet dövründə, xüsusən 1971-ci ildə Heydər Əliyevin böyük çətinliklərlə Cəmşid Naxçıvanski adına hərbi məktəbiyaratması, əslində 2020-ci il Qələbəsinin ilk kərpicinin qoyulması idi. Həmişə o, iş başında olanda da, olmayanda da sədaqətli olduğum kimi, onun xatirəsinə də sədaqətli olaraq qalacağam”.

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndərin xalq qarşısındakı misilsiz xidmətlərini qeyd etdi:

 

“Ömrünü Azərbaycan xalqına xidmət etməyə həsr edibdir. İstər 1969-1982-ci illərdə Azərbaycan xalqına rəhbərlik edərək, istərsə də 1993-2003-cü illərdə xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişindən sonra Heydər Əliyev Azərbaycan xalqının qarşısında misilsiz xidmətlər göstəribdir. Sovet dövründə Azərbaycana rəhbərlik edərək, o sanki gələcəyi görərək atdığı hər bir addımla müstəqil Azərbaycanın gələcəyinə təməl daşları qoyubdur”.

 

 

Akademik Nizami Cəfərov öz çıxışında Ümummilli Lider Heydər Əliyevi sadəcə bir dövlət başçısı deyil, Azərbaycan xalqının varlığını qoruyan və onu gələcəyə daşıyan mənəvi bir şəxsiyyət olduğunu qeyd edərək, Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

 

Tarix fakültəsinin tələbəsi Leyla Qəmbərova çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı istiqamətindəki müstəsna xidmətlərindən bəhs etdi.

 

 

Sonda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Zəri Bayramlı

#xəbər #olmasının #lider #anadan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər