00:00:00
Yazar
Səmayə Səftərova
26.05.2026 21:29 27 2 dəq oxuma
Dünya

Lavrov Rusiya ordusunun Ukraynanın Kiyevdəki hərbi obyektlərinə zərbələr endirməyə başladığını bildirib - AÇIQLAMA

Lavrov Rusiya ordusunun Ukraynanın Kiyevdəki hərbi obyektlərinə zərbələr endirməyə başladığını bildirib - AÇIQLAMA

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki obyektlərinə sistematik zərbələr endirməyə başladığını ABŞ tərəfinə bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın İranla bağlı siyasətinin ciddi nəticə vermədən yekunlaşması Rusiyanın Ukraynada daha cəsarətli addımlar atmasına şərait yaradır:

 

"Lavrovun Rubioya Ukraynaya endirilən zərbələrlə bağlı verdiyi məlumat daha çox əvvəlcədən əldə olunan razılaşmanın əlaməti kimi görünür. Artıq sirr deyil ki, Ukrayna məsələsində ABŞ ilə Rusiya arasında müəyyən anlaşma mövcuddur. Bu anlaşmanın bütün detalları açıqlanmasa da, Vaşinqtonun nə tam şəkildə Ukraynanın yanında yer aldığı, nə Avropanı tam dəstəklədiyi, nə də açıq şəkildə Rusiyaya qarşı sərt mövqe tutduğu görünür. ABŞ və Rusiyanın Ukrayna məsələsində pərdəarxası müəyyən razılaşmalarının olduğu ehtimalı güclənir. Digər tərəfdən, Donald Trampın İranla bağlı siyasətinin ciddi nəticə vermədən yekunlaşması Rusiyanın Ukraynada daha cəsarətli addımlar atmasına şərait yaradır. Trampın Çinlə də istədiyi nəticəni əldə edə bilməməsi və Pekini Rusiyaya qarşı mövqeyə çəkə bilməməsi Moskvanın əlini daha da gücləndirən amillərdən biri hesab olunur. Belə şəraitdə Lavrovun Rubioya verdiyi mesajı daha çox razılaşdırılan xəbərdarlıq kimi qiymətləndirmək mümkündür. Bu isə o deməkdir ki, Rusiyanın Ukraynaya qarşı hücumları və raket zərbələri bundan sonra da intensivləşə bilər. Hücumların hansı müddət davam edəcəyi isə əsasən Avropa ölkələrinin ABŞ-nin mövqeyindən kənar şəkildə Ukraynanın müdafiəsi üçün nə dərəcədə aktiv və kollektiv addımlar atacağından asılı olacaq".

 

Müsahib qeyd edib ki, əgər Avropa Rusiyaya qarşı daha sərt və koordinasiyalı addımlar atmasa, Moskvanın Kiyevə qarşı hücumları dayandıracağı inandırıcı görünmür:

 

 

" Xüsusilə, “Oreşnik” raketləri ilə endirilən zərbələr göstərir ki, Vladimir Putin mövcud vəziyyəti fürsət kimi dəyərləndirərək Ukraynanın hərbi potensialını zəiflətmək və onu daha ağır məğlubiyyətə sürükləmək strategiyası yürüdür. Ukraynada demoqrafik vəziyyət artıq ciddi şəkildə pozulub, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Rusiya hərbi infrastrukturu da sıradan çıxarmaqla Ukrayna məsələsini birdəfəlik həll etməyə çalışır. Bununla belə, Moskvanın tam hesablaya bilmədiyi əsas məqamlardan biri Avropa ölkələrinin gələcəkdə nə dərəcədə kollektiv müqavimət göstərəcəyi ilə bağlıdır. Son raket hücumları Ukraynanı hərbi baxımdan zəiflətmək və mümkün kapitulyasiyaya məcbur etmək məqsədi daşısa da, müharibənin yekun mərhələyə daxil olduğunu demək hələ tezdir. ABŞ artıq Rusiya-Ukrayna danışıqlarında vasitəçilik prosesindən faktiki geri çəkilir. Bu həm Vaşinqtonla Moskva arasında iqtisadi və strateji əlaqələrin mövcudluğu, həm də Tramp administrasiyasının Rusiya ilə açıq qarşıdurmadan yayınmaq istəyi ilə əlaqələndirilir. Belə görünür ki, ABŞ Ukrayna məsələsində vasitəçilik missiyasını tədricən Avropanın üzərinə buraxmağa üstünlük verir".

 

 

Səmayə Səftərova

#Rusiya #Ukrayna #Kiyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər