"Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın yaşıl enerji sahəsində imkanlarını genişləndirə bilər" - Ekoloq
İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, havanın çirklənməsi, torpaqların deqradasiyası və resurs səmərəliliyi də daxil olmaqla, ortaq ətraf mühit çağırışlarının həllində praktiki və icrayönümlü regional əməkdaşlığın əhəmiyyəti artıb.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov "İnformator.az"a açıqlamasında iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, hava çirklənməsi və su qıtlığı kimi ekoloji problemlərin ayrı-ayrı ölkələrin sərhədlərini aşaraq regional və qlobal xarakter aldığını bildirib:
"Bu səbəbdən, regional əməkdaşlığın əhəmiyyəti daha da artır. Çünki bir ölkədə baş verən ekoloji dəyişikliklər qonşu dövlətlərə də təsir göstərə bilir. Regional əməkdaşlıq ölkələrin təcrübə, texnologiya və resurslarını birləşdirməsinə, ortaq problemlərə daha effektiv həll yolları tapmasına imkan yaradır. Ətraf mühitin qorunmasında resurs səmərəliliyinin artırılması da mühüm rol oynayır. Enerji, su və xammaldan daha qənaətlə istifadə edilməsi təbii ehtiyatlara düşən yükü azaldır, tullantıların həcmini minimuma endirir və istixana qazı emissiyalarının azalmasına kömək edir. Bu yanaşma həm iqtisadi inkişafı dəstəkləyir, həm də ekoloji dayanıqlılığı gücləndirir”.
Həmçinin ekoloq vurğulayıb ki, Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın yaşıl enerji sahəsində imkanlarını genişləndirə bilər:
"Belə bir mərkəz bərpa olunan enerji texnologiyalarının inkişafına, innovasiyaların tətbiqinə və beynəlxalq tərəfdaşlıqların güclənməsinə töhfə verə bilər. Eyni zamanda, enerji sektorunun şaxələndirilməsinə, karbon emissiyalarının azaldılmasına və ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edə bilər. Ümumilikdə, ətraf mühit problemlərinin həllində beynəlxalq əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və digər qlobal ekoloji çağırışlarla mübarizə yalnız ölkələrin birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Bu əməkdaşlıq bilik, texnologiya və maliyyə resurslarının paylaşılmasını təmin etməklə daha effektiv və uzunmüddətli nəticələrin əldə olunmasına şərait yaradır”.
Günel Əlili