XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARIN VALİDEYNLƏRİ ÜÇÜN MAARİFLƏNDİRMƏ LAYİHƏSİNİN BAKIDA İLK TƏLİMİ KEÇİRİLDİ
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Valideynləri üçün Maarifləndirmə” layihəsi çərçivəsində Bakı şəhərində ilk təlim təşkil olunub. Təlimdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər. Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Könül Qasımova açaraq layihənin məqsədi və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, valideynlərin məlumatlılığının artırılması uşaqların cəmiyyətə daha uğurlu inteqrasiyasına və onların hüquqlarının daha effektiv müdafiəsinə mühüm töhfə verir. Təlimçi Zülfiyyə Qasımova tərəfindən iştirakçılarla maarifləndirici söhbətlər aparılıb, uşaqların hüquqları, psixoloji dəstək, sağlamlıq və sosial inteqrasiya mövzuları müzakirə olunub. Təlim zamanı iştirakçılara gündəlik həyatda qarşılaşdıqları problemlərin həlli yolları barədə praktiki tövsiyələr verilib, onların sosial xidmətlərə çıxış imkanları haqqında məlumatlandırılması həyata keçirilib. Valideynlər layihənin onlar üçün faydalı olduğunu bildirərək belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklif və tövsiyələri dinlənilib. Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib və layihənin növbəti mərhələləri barədə məlumat verilib. Layihə çərçivəsində növbəti təlimlərin Sumqayıt, Şirvan, Salyan və Bərdə şəhərlərində keçirilməsi nəzərdə tutulur.

