00:00:00
Yazar
Nərmin Həşimova
12.06.2026 21:32 22 2 dəq oxuma
Siyasət

ABŞ İranın dondurulmuş aktivlərindən körfəz ölkələrinə dəyən ziyanın ödənilməsi üçün istifadə edə bilər - ŞƏRH
 

ABŞ İranın dondurulmuş aktivlərindən körfəz ölkələrinə dəyən ziyanın ödənilməsi üçün istifadə edə bilər - ŞƏRH

ABŞ administrasiyası İranın xaricdə dondurulmuş aktivlərinin bir hissəsinin Fars körfəzi ölkələrinə dəyən ziyanın ödənilməsinə yönəldilə biləcəyini açıqlayıb. ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, Tehran vasitəsilə region ölkələrinə qarşı həyata keçirilən hücumlar nəticəsində yaranan itkilərin kompensasiyası üçün İran vəsaitlərindən istifadə edilməsi nəzərdən keçirilir. Vaşinqton eyni zamanda xəbərdarlıq edib ki, İranın yeni hücumları ölkə üçün daha ağır iqtisadi və maliyyə nəticələrinə səbəb olacaq.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və İran arasında baş verən hərbi qarşıdurma zamanı tərəflər həm bir-birinə, həm də digər ölkələrə zərər vurub: 


"İranın Körfəz ölkələrini bombalaması zamanı həmin ölkələrin həm özünə, həm də oradakı ABŞ hərbi bazalarına ciddi zərər dəyib. Hazırkı danışıqlarda bu məsələlərin də qarşılıqlı razılıq zəminində həllini tapması lazımdır. İranın vaxtilə dondurulmuş aktivlərindən bu dağıntıların zərərinin kompensasiya edilməsi mümkün ola bilər. Ancaq İran da ABŞ və İsrailin müharibə zamanı vurduğu ziyanın kompensasiya edilməsini, daha doğrusu təzminat ödənilməsini tələb edir. Böyük ehtimalla Tehranın cavabı bu cür olacaq ki, ABŞ ona vurmuş olduğu zərəri ödəməlidir. Ümumiyyətlə, hazırda gedən danışıqlar müvafiq strateji zəmin yaranana qədər fürsət əldə etmək xarakterlidir. Xüsusən İranın İsrailə ballistik raketlərlə zərbə vurması və bunun qarşısını İsrailin havadan müdafiə qurğularının almaqda çətinlik çəkməsi səbəb oldu ki, savaşa fasilə verildi. Əks halda ABŞ və İsrailin qərarı İrandakı hakimiyyəti devirməyə qədər savaşa davam etmək idi. Eyni zamanda, beynəlxalq təzyiqlər, Hörmüz boğazı ətrafında yaranan gərginlik, neftin qiymətindəki dəyişiklik, körfəz ölkələrinə hücum və ABŞ daxilində Prezidentə qarşı müqavimət müəyyən qədər fasilə verilməsinə səbəb olub. Hizbullah və Husilərlə bağlı da müəyyən addımlar atmaqda qərarlıdırlar. Bütün bunlar deməyə əsas verir ki, İran və ABŞ arasındakı anlaşma müvəqqəti xarakter daşıyır”.


Politoloq qeyd edib ki, İran geri çəkilmir, kompromisə getmir və müdafiə taktikasından hücum mərhələsinə keçməkdədir:


“Əslində nəticə İranda hakimiyyətin daha da möhkəmlənməsinə və xalqın hakimiyyətə dəstək verməsinə gətirib çıxardı və İran tarixdə heç zaman olmadığı həddə İsrailə raket və mərmi yağdırdı. Hazırda ABŞ-nin davranışı İranın xeyrinə işləyir. Ona görə də İran tərəfi geri çəkilmir, əksinə diplomatik hücumu da davam etdirir. Dondurulmuş aktivlərin kompensasiya edilməsi məsələsinə İranın razı olacağı ehtimalı azdır, əksinə sərt cavabı gözlənilir”.


Nurgün Qənizadə

#ABŞ #İran #körfəz #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər