00:00:00
Yazar
Banuçiçək Məmmədova
15.06.2026 13:06 41 2 dəq oxuma
Sosial

Ombudsman: Heydər Əliyev mürəkkəb dövrdə məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını həyata keçirib

Ombudsman: Heydər Əliyev mürəkkəb dövrdə məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını həyata keçirib

Bəzi tarixlər zamanın axarında itib getmir, xalqın taleyinə çevrilir. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunduğu, milli birliyin bərpa olunduğu və gələcəyə aparan yolun müəyyənləşdiyi belə tarixi günlərdən biridir.

 

"İnformator.az" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.

 

O bildirib ki, 1993-cü ildə Azərbaycan ağır siyasi böhran, parçalanma təhlükəsi və müstəqilliyini itirmək riski ilə üz-üzə qalmışdı:

"Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin mürəkkəb dövrdə böyük məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını həyata keçirdi. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörən baxışı, qətiyyəti və siyasi müdrikliyi sayəsində ölkədə sabitlik bərqərar olundu, dövlətçilik əsasları möhkəmləndirildi və Azərbaycanın bu gün də uğurla davam etdirdiyi inkişaf yolunun möhkəm təməli qoyuldu".

Ombudsman deyib ki, Heydər Əliyevin siyasi fəaliyyətində insan amili hər zaman xüsusi yer tutub:

"Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları ali dəyər kimi təsbit edilmiş, onların qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyən olunub. Bu yanaşma ölkəmizdə demokratik dəyərlərin, qanunun aliliyinin və insan hüquqlarına hörmət mədəniyyətinin formalaşmasına güclü təkan verib.

Məhz bu siyasətin məntiqi davamı olaraq Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində mühüm institusional mexanizmlər yaradılıb, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı formalaşdırılıb. Bu gün Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin edilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və insan hüquqları mədəniyyətinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirir".

Səbinə Əliyeva qeyd edib ki, Milli Qurtuluş Günü yalnız dövlətçiliyin xilası deyil, həm də hüquqi dövlət quruculuğunun, insan hüquqlarına hörmətin və vətəndaş mənafeyinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsinin başlanğıcıdır:

"Bu əlamətdar gündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, bir hüquqşünas və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxs kimi onun müəyyən etdiyi dövlətçilik fəlsəfəsinin, qanunun aliliyinə və insan ləyaqətinə söykənən dəyərlərin bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığını xüsusi minnətdarlıq hissi ilə qeyd edirəm".

#üzərinə #xilaskarlıq #missiyasını #həyata #heydər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər