00:00:00
Yazar
Bəsti Nəsibova
13.07.2026 17:11 86 2 dəq oxuma
Sosial

ƏSMİD İctimai Birliyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti ustad dərsini keçirib

ƏSMİD İctimai Birliyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti ustad dərsini keçirib

İnformator.az saytı xəbər verir ki, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti təlimini uğurla təşkil edib.

Layihə çərçivəsində keçirilən 5-ci təlim fərqli formatda – ustad dərsi (master-klass) şəklində təşkil olunub. Təlim Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş Baş leytenant Zamin Abbasovun əziz xatirəsinə anası Sevda xanım tərəfindən yaradılmış “Fateh” Şirniyyat Evində keçirilib.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri Səbinə Kərimova şəhidimizin anası Sevda xanımı və təlim iştirakçılarını salamlayaraq şəhid Baş leytenant Zamin Abbasovun əziz xatirəsini ehtiramla yad edib. O, şəhidlərimizin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etdiklərini vurğulayaraq bildirib ki, şəhidlər xalqımızın qürur mənbəyi, onların ailələri isə bizlər üçün ən dəyərli əmanətdir.

Səbinə Kərimova çıxışında qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması və cəmiyyətə daha fəal inteqrasiyasına dəstək göstərməkdir.

Daha sonra təlimçi Xatirə Xudadarova iştirakçıları salamlayaraq ustad dərsinin proqramı barədə məlumat verib. Təlim zamanı müdavimlərə biskvitli tortun hazırlanma qaydaları, istifadə olunan ərzaqların seçilməsi, krem hazırlanması, bəzədilmə üsulları və peşəkar şirniyyatçılığın incəlikləri əyani şəkildə nümayiş etdirilib.

Şəhid anası Sevda xanım iştirakçılarla səmimi söhbət apararaq “Fateh” Şirniyyat Evinin qapılarının hər zaman əlilliyi olan şəxslərin üzünə açıq olduğunu bildirib. O, hazırlanan şirniyyatın reseptini iştirakçılarla bölüşərək onların prosesdə fəal iştirak etməsinə şərait yaradıb və müdavimlərlə birlikdə tortun hazırlanmasında iştirak edib.

Praktiki məşğələ iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Müdavimlər əldə etdikləri yeni bilik və bacarıqların gələcəkdə onların peşə fəaliyyətində mühüm rol oynayacağını bildirərək təşkilatçılara və təlimçilərə təşəkkür ediblər.

Qeyd edək ki, “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində keçirilən təlimlər əlilliyi olan qadınların peşə bacarıqlarının artırılmasına, onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsinə və sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Fotolar

#birliyi #layihəsi #çərçivəsində #peşədən #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər