00:00:00
Yazar
Zəri Bayramlı
15.07.2026 21:01 131 3 dəq oxuma
Media

"Bir vaxtlar Şuşanın adını dünyaya biz təqdim edirdik, bu gün isə Şuşa Azərbaycanın səsini dünyaya çatdırır”-DEPUTAT

"Bir vaxtlar Şuşanın adını dünyaya biz təqdim edirdik, bu gün isə Şuşa Azərbaycanın səsini dünyaya çatdırır”-DEPUTAT

Qarabağın mədəniyyət paytaxtı Şuşa növbəti dəfə beynəlxalq dialoq məkanına çevrilərək dünyanın müxtəlif ölkələrindən jurnalistləri və media ekspertlərini bir araya gətirib. IV Şuşa Qlobal Media Forumu çərçivəsində informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və müasir medianın qarşısında duran çağırışlar geniş müzakirə olunub.

 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Şuşa artıq mədəniyyət beşiyi olmaqla yanaşı, həm də qlobal siyasət və diplomatiya mərkəzi kimi öz yeni statusunu təsdiqləyir:

 

 

“Bu gün Şuşa artıq təkcə mədəniyyət beşiyi deyil, həm də qlobal diplomatiya və siyasət mərkəzlərindən biri kimi özünü təsdiqləyir. Xüsusilə, Şuşada keçirilən çoxsaylı mədəniyyət tədbirləri ilə yanaşı, şəhərin get-gedə mühüm siyasi mərkəzə çevrilməsi diqqət çəkir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir növ rupor rolunu oynayan bu yeni status həm tarixi ədalətin təcəllisi, həm də ölkə Prezidentinin yürütdüyü məqsədyönlü siyasətin bariz nəticəsidir.Bir vaxtlar Şuşanın adını dünyaya biz təqdim edirdik, bu gün isə Şuşa Azərbaycanın səsini dünyaya çatdırır".

 

 

Forumun qlobal hadisəyə çevrildiyini bildirən deputat xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin tədbirdəki iştirakı, ona verilən suallar və dövlət başçısının cavabları regional çərçivələri aşaraq dünya gündəminə yön verib:

 

 

“Şuşa Qlobal Media Forumu beynəlxalq miqyaslı mühüm qlobal hadisəyə çevrilib. Forum çərçivəsində Azərbaycan Prezidentinin iştirakı, ona ünvanlanan suallar və verilən cavablar regional çərçivəni aşaraq birbaşa qlobal əhəmiyyət kəsb edib. Tədbirə göstərilən marağın coğrafiyası da kifayət qədər geniş olub - Afrikadan Yaponiyaya, Avropadan Yaxın Şərqə qədər böyük bir auditoriyanı əhatə edib. Müvafiq olaraq, platformada müzakirəyə çıxarılan mövzular da məhz qlobal xarakter daşıyıb. Bütün bunlar Şuşa Qlobal Media Forumunun gələcək perspektivlərindən və daha geniş miqyaslı formatından xəbər verir”.

 

 

Millət vəkili Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə əsas strateji xətt regional və qlobal sülhün bərqərar olunması üzərində qurulduğunu qeyd edib:

 


 

“Prezident İlham Əliyevin suallara verdiyi cavablarda və səsləndirdiyi fikirlərdə əsas strateji xətt regional və qlobal sülhün bərqərar olunması mövzusu üzərində qurulub. Bu kontekstdə Azərbaycan özünü beynəlxalq arenada sülhyaradıcı fəal aktor kimi təqdim edib. Dünyanın ən mürəkkəb coğrafiyalarından birində mövcud olan çətin problemlərdən birini həll etmək böyük diplomatik güc, siyasi uzaqgörənlik və qətiyyət tələb edir ki, Azərbaycan da buna nail olmağı bacarıb. Şübhəsiz ki, forumdan verilən mesajlar təkcə Cənubi Qafqaz regionunu əhatə etmir. Çünki artıq bu miqyasda yalnız Cənubi Qafqaz müstəvisindən danışmaq məsələnin qlobal mahiyyətini bir qədər məhdudlaşdırmış olar. Cənubi Qafqazdakı sülh, əslində, həm böyük Turan coğrafiyasından Avropaya uzanan məkanda, həm də Çindən Avropaya qədər uzanan Böyük İpək Yolunun Orta Dəhlizi üzərində təhlükəsizlik deməkdir. Bu baxımdan, sözügedən forum formatı nə qədər aktualdırsa, qlobal miqyasda beyin fırtınası və strateji düşüncələrin bölüşülməsi baxımından da bir o qədər zəruridir”.

 

Zəri Bayramlı

 

#gün #edir”-millət #"bir #vəkili #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər