00:00:00
Yazar
Ayan Sadi
05.08.2026 13:34 123 8 dəq oxuma
Media

AzTV-nin Teleradio Akademiyasında peşəkar jurnalistikanın tələblərinə uyğun kadr hazırlığı – Aytən Abdulova media təhsilinin əsas meyarlarından danışdı

AzTV-nin Teleradio Akademiyasında peşəkar jurnalistikanın tələblərinə uyğun kadr hazırlığı – Aytən Abdulova media təhsilinin əsas meyarlarından danışdı

Teleradio Akademiyasında təhsil alan gənclərin jurnalistikaya yanaşması əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişib. Əvvəlki illərdə Akademiyaya müraciət edənlərin əksəriyyəti televiziya ekranında görünmək istəsə də, bu il seçilən gənclər daha çox jurnalistikanın mahiyyətinə maraq göstərirlər. AzTV-nin Teleradio Akademiyasının müəllimi Aytən Abdulova belə düşünür. O “İnformator.az”a açıqlamasında bildirib ki, ötən ilki məzunların arasında da peşəkarlaşan tələbələr olub və onların bir qismi televiziya sahəsində fəaliyyət göstərir. Lakin ümumi mənzərədə əsas məqsəd televiziya peşəsini öyrənmək deyil, aparıcı olmaq istəyi idi.

 

"Əvvəlki qruplardan da bu gün bizimlə çalışan əməkdaşlar var. Amma onların sayı çox deyil. Əksəriyyət televiziya ekranında görünmək, aparıcı olmaq istəyirdi. Reportyor olmaq istəyən isə demək olar ki, yox id. Ola bilsin ki, bu il seçim prosesi də fərqli aparılıb. Bu buraxılışın müdavimləri televiziya və xəbərə marağı olan, xəbəri duymağı bacaranlardır".

 

İqtisadiyyat xəbərlərinin baş redaktorunun fikrincə, televiziya sahəsinə gələn bəzi gənclər işin çətinliyini gördükdən sonra bu sahədən uzaqlaşırlar.

 

"Televiziyada heç kim ilk gündən efirə çıxmır. Müəyyən mərhələlərdən keçmək, reportyor kimi işləmək, təcrübə toplamaq lazımdır. Bəziləri bu çətinliyi görəndən sonra sıralarımızı tərk etdilər. Amma qalanlar iradələri sayəsində bu gün peşəkar olublar".

Teleradio Akademiyasının müəllimi hesab edir ki, son illər bu yanaşma dəyişib. Artıq bir çox gənc minimum zəhmətlə maksimum nəticə əldə etmək istəyir. Uzun illər öyrənmək, təcrübə toplamaq istəmirlər. Qısa müddətdə tanınmaq, televiziya ekranında görünmək istəyirlər.

 

"Bəziləri televiziyanı tramplin kimi görür. Bir müddət burada işləyib sonra hansısa qurumda mətbuat katibi olmaq və ya başqa sahəyə keçmək istəyirlər. Məncə, bunun səbəbi onların televiziya və jurnalistika peşəsinə həqiqi sevgisinin olmamasıdır".

 

Aytən Abdulova öz reportyorluq illərini xatırlayır. Deyir ki, müxbir də olmuşam, redaktor da, aparıcı da, baş redaktor da. Xəbər sistemində demək olar ki, bütün pillələri keçmişəm. Amma mənim üçün ən maraqlı sahə reportyorluqdur. Çünki reportyor daim öyrənir, araşdırır, hər süjet onun öz əsəri olur.

 

"Aparıcılıq da vacibdir, amma reportyorluqla müqayisədə mən həmişə reportyorluğu seçərəm. Çünki reportyor hər gün yeni insanlarla görüşür, yeni mövzular araşdırır və peşəkar baxımdan daim inkişaf edir".

 

O qeyd edir ki, gənclərin reportyorluğa marağının artırılması üçün sağlam rəqabət mühiti yaratmaq və onları araşdırma jurnalistikasına daha çox istiqamətləndirmək lazımdır. Bu, həm peşəkar jurnalistlərin yetişməsinə, həm də media sahəsinin inkişafına töhfə verəcək.

 

Teleradio Akademiyasının müəllimi bildirir ki, dərs prosesində tələbələrdə məhz reportyorluğa marağı formalaşdırmağa çalışıb. O hesab edir ki, peşəkar jurnalist yalnız hazır informasiyanı ötürən deyil, məlumatı araşdıran, yoxlayan və cəmiyyət üçün dəyər yaradan şəxs olmalıdır.

 

"Altı aylıq tədris müddətində əsas məqsədim gənclərdə reportyorluğa maraq oyatmaq olub. Təcrübə mərhələsində bəzi tələbələr öz təşəbbüsləri ilə mövzular hazırlayıb mənə təqdim edirlər. 'Kadr çəkmişəm, süjet hazırlamaq istəyirəm” deyə müraciət edirlər. Bu da göstərir ki, az da olsa, məqsədimizə nail olmuşuq".

 

Süni intellektin jurnalistikaya təsirindən danışan jurnalist diqqətə çatdırır ki, müasir texnologiyalar jurnalistlərin işini asanlaşdırsa da, araşdırma vərdişlərini əvəz edə bilməz. Lakin gənc jurnalistlər arasında hazır məlumatlardan istifadə meyli artıb və bu, araşdırma jurnalistikasına marağın azalmasına səbəb olur.

 

"Əvvəllər bir mövzu verilirdi və jurnalist həmin mövzunu müxtəlif mənbələrdən araşdırırdı. Bu qədər internet resursu yox idi. Mütəxəssislərlə danışır, məlumatları bir-bir yoxlayırdıq. İndi isə təəssüf ki, gənclərin bir qismi çalışmaq istəmir. İnternetdən və ya süni intellektdən məlumat götürməklə kifayətlənirlər. Gözləyirlər ki, hazır press-reliz gəlsin və ya hansısa sayt xəbəri paylaşsın, onu köçürüb dərc etsinlər. Nəticədə xəbərlər bir-birinə bənzəyir. Halbuki jurnalist öz araşdırmasını aparmalı, xəbərə fərqli yanaşma gətirməlidir".

 

Aytən Abdulova həmçinin əlavə edir ki, süni intellekt faydalı vasitə olsa da, onun təqdim etdiyi məlumat mütləq yoxlanılmalıdır.

 

"Süni intellekt də insan əməyinin məhsuludur. O da səhv eləyə bilər. Buna görə jurnalist yalnız onun təqdim etdiyi məlumata arxalanmamalı, mənbəyə müraciət etməli və informasiyanı dəqiqləşdirməlidir. Hazır press-relizlərə və digər media orqanlarının xəbərlərinə həddindən artıq bağlılıq da jurnalistikanın keyfiyyətinə mənfi təsir göstərir".

 

Sosial şəbəkələrin sürətli inkişafı informasiyanın yayılmasını asanlaşdırsa da, bu, peşəkar jurnalistikanın prinsiplərini dəyişmir. İqtisadiyyat xəbərlərinin baş redaktoru deyir ki, bu gün hər kəs informasiya paylaşa bilir, lakin hər paylaşım jurnalistika hesab oluna bilməz. Mobil telefon və sosial media platformaları hər kəsə informasiya yaymaq imkanı versə də, burada əsas problem xəbərin doğruluğunun yoxlanılmamasıdır.

 

"Jurnalistikanın əsas prinsiplərindən biri xəbəri ən azı iki mənbədən dəqiqləşdirməkdir. Biz operativ olmağa çalışsaq da, balansı və obyektivliyi qorumalıyıq. Sosial şəbəkələrdə isə bu prinsiplərə çox vaxt əməl olunmur. Bu gün kimin əlində telefonu və kamerası varsa, özünü jurnalist hesab edir. İstənilən hadisəni çəkib sosial şəbəkədə paylaşır. Amma həmin məlumatın nə dərəcədə düzgün olduğu, balansın qorunub-qorunmadığı çox vaxt araşdırılmır".

İqtisadiyyat xəbərlərinin baş redaktoru Aytən Abdulova iqtisadi xəbərləri nümunə göstərərək qeyd edir ki, jurnalistin vəzifəsi təkcə faktı çatdırmaq deyil, onu təhlil edərək auditoriyaya anlaşıqlı şəkildə izah etməkdir.

 

"Məsələn, neft gəlirlərinin artması haqqında məlumat verərkən bunun ölkə iqtisadiyyatına, dövlət büdcəsinə və insanların həyatına təsirini izah etmək lazımdır. Sadəcə bir cümlə ilə “neft gəlirləri artdı” demək jurnalistika deyil. Peşəkar jurnalist faktı təhlil edir, mütəxəssislərin rəylərini öyrənir və tamaşaçıya dolğun informasiya təqdim edir".

 

Canlı efirdə dil xətalarının minimuma endirilməsi üçün nəzəri bilik kifayət etmir. Teleradio Akademiyasının müəllimi hesab edir ki, tələbələrin efir bacarıqlarının inkişafı üçün tədris prosesində əsasən praktik məşğələlərə üstünlük verilir. Canlı efir şəraitini əks etdirən simulyasiya məşqləri tələbələrin peşəkar hazırlığında mühüm rol oynayır.

 

"Canlı efirdə dil xətaları ilə operativ işləmək bacarığının formalaşdırılması üçün ən effektiv metodlardan biri simulyasiya və böhran (krizis) oyunlarıdır. Tədris prosesində tələbələrə durğu işarələri, orfoqrafik səhvlər, açılmamış ifadələr və xüsusi simvolların yer aldığı mətnlər təqdim edirəm. Onlardan qısa vaxt ərzində həmin mətnləri səsləndirmələrini istəyirəm. Səsləndirmə zamanı dilin dolaşması, vurğuların düzgün qoyulmaması, intonasiya, üslub və nitqlə bağlı bütün problemləri müəyyənləşdiririk. Sonra həmin səhvləri birlikdə müzakirə edir və düzgün variantı izah edirik ki, bir daha təkrarlanmasın".

 

Aytən Abdulovanın sözlərinə görə, canlı efirə çıxan jurnalist mətni qısa müddətdə redaktə etməyi bacarmalıdır. O dərslərdə istifadə etdiyi metodlardan danışaraq bildirir ki, əgər mətndə tələffüzü çətin olan sözlər varsa, onlar daha uyğun sinonimlərlə əvəz edilməlidir. Canlı efirdə əsas məqsəd fikri itirmədən və tamaşaçını yormadan məlumatı çatdırmaqdır.

 

Teleradio Akademiyasının müəllimi qeyd edir ki, tədris zamanı nəfəs texnikası, düzgün oxu qaydaları və intonasiyadan istifadə bacarıqları da tələbələrə aşılanır.

 

"Mürəkkəb cümlələrdən ibarət mətnləri səsləndirirlər və səslərini diktofona yazırlar. Daha sonra həmin yazıya özləri dəfələrlə qulaq asırlar. Bu, onların öz səhvlərini görməsinə və nitqlərini təkmilləşdirməsinə kömək edir. Biz yalnız xətasız danışmağı deyil, canlı efirdə baş verən xətanı panikaya düşmədən peşəkar şəkildə aradan qaldırmağı öyrədirik. Məqsəd gələcək jurnalistlərin istənilən efir vəziyyətinə hazır olmalarını təmin etməkdir".

 

İqtisadi xəbərlərdə statistik yükün olduğunu diqqətə çatdıran jurnalist əlavə edir ki, iqtisadi jurnalistikada əsas məqsəd mürəkkəb termin və rəqəmləri sadə, anlaşıqlı şəkildə auditoriyaya çatdırmaqdır. Onun sözlərinə görə, dərs prosesində tələbələrə real iqtisadi hadisələr üzərində işləmək, rəsmi hesabatları xəbər dilinə çevirmək və iqtisadi terminləri sadələşdirmək öyrədilir.

 

"İqtisadiyyat jurnalistikasında dəqiqlik və sadəlik arasındakı balansı qorumaq üçün rəqəmləri kontekstə salmaq, terminləri anlaşıqlı şəkildə izah etmək və vizual vasitələrdən istifadə etmək vacibdir. Buna görə də dərslərimizdə daha çox real keyslər üzərində işləyirik. Tələbələrə iqtisadi terminlərlə zəngin mətnlər təqdim edir, onların sadələşdirilməsini tapşırıram. Eyni zamanda qrafiklərlə işləməyi, rəqəmləri düzgün təhlil etməyi və onların emal olunması yollarını izah edirəm".

 

İqtisadiyyat xəbərlərinin baş redaktoru qeyd edir ki, jurnalist iqtisadi xəbəri yalnız iqtisadçılar üçün deyil, bütün auditoriya üçün hazırlamalıdır. Çünki müxtəlif yaş qruplarından, fərqli təhsil səviyyəsinə malik insanlar xəbəri izləyir. Ona görə də iqtisadi terminləri hər kəsə aydın olacaq şəkildə izah etməyi bacarmaq lazımdır.

 

“İnflyasiya, devalvasiya, ÜDM, fiskal və monetar siyasət, likvidlik, diversifikasiya kimi anlayışlar izahsız təqdim edildikdə auditoriya üçün maraqlı olmur. Əgər sadəcə “inflyasiya artdı” desək, bu, tamaşaçı üçün kifayət qədər anlaşıqlı olmayacaq. Amma izah etsək ki, inflyasiyanın artması onun gündəlik xərclərinə, ailə büdcəsinə və alıcılıq qabiliyyətinə necə təsir edəcək, o zaman xəbər daha maraqlı və faydalı olacaq".

 

Aytən Abdulova iqtisadi xəbərlərdə vizual təqdimatın önəmini də diqqətə çəkir.

 

"İqtisadi xəbərlərdə rəqəmlər çox olduğu üçün onları qrafiklər və vizual təqdimatlarla müşayiət edirik. Bu, tamaşaçının informasiyanı daha sürətli qavramasına kömək edir. İqtisadi jurnalistikanın əsas missiyası mürəkkəb iqtisadi prosesləri sadə, dəqiq və etibarlı şəkildə cəmiyyətə çatdırmaqdır. Bu yanaşma həm auditoriyanın iqtisadi savadlılığının artırılmasına, həm də medianın maarifləndirici rolunun güclənməsinə xidmət edir”.

 

Teleradio Akademiyasının müəllimi Aytən Abdulovanın fikrincə, jurnalistika sahəsində peşəkar kadrların hazırlanmasında ilk növbədə tələbənin xəbəri duymaq bacarığı əsas götürülür. Gələcək jurnalistin uğurunu müəyyən edən əsas meyarlardan biri onun xəbəri seçmək və düzgün təqdim etmək bacarığıdır. Buna görə də o deyir ki, tələbələrin qiymətləndirilməsi zamanı ilk diqqət yetirilən məqam xəbərin mahiyyətini düzgün müəyyənləşdirməkdir.

 

"Birinci növbədə tələbələrin xəbəri mahiyyətini tutmaları vacibdir. Hansı sahədən yazmasından asılı olmayaraq, jurnalist xəbəri görə bilməli və onun mahiyyətini düzgün müəyyən etməlidir. Əgər tələbə xəbəri tuta bilirsə, deməli, onda bu peşə üçün potensial var. Əslində, xəbəri duymaq bacarığı uzun müddət tələb etmir və qısa zamanda özünü göstərir. Adətən iki-üç, maksimum beş yazıdan sonra artıq görünür ki, tələbə xəbəri tuta bilir, yoxsa yox. Bu, jurnalist üçün ən vacib bacarıqlardan biridir”.

 

Onun sözlərinə görə, həmçinin qiymətləndirmədə diqqət faktların dəqiqliyinə və istifadə olunan mənbələrin etibarlılığına yönəlir. Digər məqamlarda isə yazı üslubu, operativlik nəzərə alınır.

 

"Tələbənin məlumatı hansı mənbədən götürdüyünə xüsusi fikir verirəm. Faktlar mütləq dəqiqləşdirilməli, rəsmi və etibarlı mənbələrə əsaslanmalıdır. Jurnalist məlumatı hər yerdən götürə bilməz. 

Sonrakı mərhələdə yazının üslubuna, dilinə və operativliyinə baxıram. Eyni mövzu üzərində çalışan iki tələbədən biri işi bir günə, digəri isə beş günə tamamlayırsa, bu da onların peşəkar hazırlıq səviyyəsini göstərən amillərdən biridir".

 

Sonda isə Aytən Abdulova bir daha vurğulayır ki, peşəkar jurnalist yalnız düzgün yazan deyil, xəbəri vaxtında görən, etibarlı mənbələrlə işləyən və onu operativ şəkildə auditoriyaya çatdırmağı bacaran şəxsdir. Bu keyfiyyətlərin formalaşdırılması isə jurnalistika təhsilinin əsas məqsədlərindən biridir.

 

Ayan Sədi

##media #teleradioakademiyası #aztv #jurnalistika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər