00:00:00
Yazar
Ayan Sadi
26.08.2026 13:50 73 6 dəq oxuma
Media

AzTV-nin Teleradio akademiyasının builki buraxılışında xüsusi istedadı ilə seçilən tələbələrlə təcrübə mübadiləsindən zövq aldım – Xavər Zairova jurnalistika təhsilində əhəmiyyətli məqamlara toxundu

AzTV-nin Teleradio akademiyasının builki buraxılışında xüsusi istedadı ilə seçilən tələbələrlə təcrübə mübadiləsindən zövq aldım – Xavər Zairova jurnalistika təhsilində əhəmiyyətli məqamlara toxundu

Jurnalistika elə bir sahədir ki, daim yenilənir hər il, hər ay, hər gün, hətta hər saat dəyişir. Dəyişikliklərlə ayaqlaşmaq üçün yeniliklərlə yanaşı, bu sahənin əsas prinsiplərini bilmək, təməl biliyə sahib olmaq lazımdır. AzTV-nin Teleradio Akademiyasının mentoru Xavər Zairovanın fikrincə, jurnalist kimi fəaliyyət göstərmək istəyənlərin bakalavr təhsilinin bu sahədə olması üstünlükdür, əsas tələb isə jurnalistika ilə dərindən maraqlanmaq, gündəmi izləmək və hadisələri müqayisəli təhlil etmək bacarığıdır.

 

“Jurnalistika təhsili alanla almayan arasında fərq bilinir. Bu, əvvəlcə, yazıda hiss olunur. Çünki jurnalist hər şeydən əvvəl yazmağı bacarmalıdır. Ən azından məntiq elmindən xəbəri olmalıdır, Aristotelin sillogizm nəzəriyyyəsi əsasında düzgün əqli nəticə çıxarmağı bacarmalıdır, fəlsəfənin əsaslarını bilməlidir. Çünki bunları bilməyən, xəbəri olmayan birinin yazısında qarmaqarışıqlıq o dəqiqə görünür. Jurnalist ardıcıllığı gözləməli, fikirləri bir-birini təkzib etməməli, sadə, ancaq sübut və faktlara əsaslanaraq yazmalıdır. Təməl bilik deyəndə, məsələn, xəbərin yazılma strukturunu – tərs piramida, düz piramida, qum saatı prinsipini bilməsən, xəbərin mahiyyətini anlamasan yazmaq, istədiyini düzgün formada çatdırmaq çətin olur”.

 

Mədəniyyət TV-nin Mədəniyyət xəbərləri redaksiyasının baş redaktoru Xavər Zairova qeyd edir ki, jurnalistlər sosial psixologiyanı da bilməlidirlər – jurnlalistikanın obyektinin cəmiyyətə baş verən hadisələr, insanların fəaliyyəti və s. olduğunu nəzərə alsaq, bu biliklərin müxtəlif xarakterli insanlarla işləməkdə, münasibətləri tənzimləməkdə böyük rol oynadığı danılmazdır.  

 

“Xüsusən də müasir dövrdə sosial şəbəkələrin, bazası olmayan saytların çoxaldığı vaxtda, informasiyanı emal etmək, düşüncə süzgəcindən keçirmək vacibdir. Universitetdə müəllim kimi müxtəlif kurslarda oxuyan tələbələrlə dərsdən əlavə də ünsiyyətim olur. Auditoriyada, ən çox da jurnalistikanı seçən birinci kursdakı gənclərin televizora baxmadığını müşahidə edirəm. Məncə, jurnalist üçün televizora baxmaq vacibdir. Məsələn, eyni zaman kəsiyində müxtəlif kanallardan nələrin yayımlandığını müqayisə etmək, reklamların, anonsların dil xüsusiyyətlərinə nəzər yetirmək, hansısa televiziya kanalının proqram düzümünü təhlil etmək, informasiya proqramlarına baxamq, canlı yayımlardakı fors-major hallara şahid olmaq bu peşəyə əlavə maraq və istək yaradır. Bunlardan əlavə, günümüzdə sosial şəbəkələr və ənənəvi media bir-birinə nə dərəcədə inteqrasiya olunur və bir-birini hansı məqamlarda üstələyir. Bu “rəqabət” necə tənzimlənir? Gənclər informasiyanı istehlak edəndə hansı mənbələrə müraciət edirlər, yaxud informasiyanın düzgün olduğunu, etibarlılığını necə yoxlayırlar? Bu məqamda jurnalistikada bakalavr təhsili çox köməyə çatır”.

 

“Sadaladığımız vacib bacarıqlar, vərdişlər, təbii olaraq, birdən-birə yaranmır”, deyən Teleradio Akademiyasının müəllimi Xavər Zairovanın fikrincə, müəyyən bacarıqları zamanla inkişaf etdirmək olar. Ancaq dünyagörüşünü qısa müddətdə genişləndirmək çox çətindir. 

 

“Bu başlayır məktəb yaşlarından, hətta daha kiçik yaşlardan deyərdim, maraqların formalaşması ilə, ailənin düzgün istiqamətləndirilməsi altında…, sonra da universitetdən. Ümumiyyətlə, 18-22 yaş arasında dünyagörüşünü daha da genişləndirib dərinləşdirmədinsə, sonra məsələ çətinləşir, xüsusən də bugünki infomasiya cəmiyyəti dövründə. Kitablara az vaxt ayıran gənclər, heç olmasa hər gün müxtəlif saytlardan hər müxtəlif sahələrə aid yaxşı yazılar oxuya bilər. Mütaliə, təkcə maraq dairəsini əhatə etməməlidir, dövrün tələblərinə cavab vermək istəyirsənsə, hərtərəfli olmaq üçün ən azından qeyri-bədii ədəbiyyat oxumaq, elmi məqalələrdən yeniliklərlə, kəşflərlə tanış olmaq vacibdir”.

 

“Yaxşı yazmaq üçün çox oxumaq lazımdır”, deyir Akademiyanın müəllimi. Dərin düşünmək, özünü dərk etmək, mahiyyətini anlamaq üçün oxumaq lazımdır. Axı oxumaq həm də, səndən əvvəl yaşayanlarıın, yazıçıların, alimlərin, filosofların həyat təcrübəsindən yararlanmaqdır”.

 

Mədəniyyət TV-nin Mədəniyyət xəbərləri redaksiyasının baş redaktoru Teleradio Akademiyasının builki buraxılışında xüsusi istedadı ilə seçilən tələbələrlə təcrübə mübadiləsindən zövq aldığını vurğulayır:

 

“Builki müdavimlər arasında çox dünyagörüşlü, geniş təhliletmə bacarığı olan məzunlarımız vardı. İstər nitqi ilə diqqət cəlb edən, istər kollektivlə münasibətinə görə, istərsə də hadisələri öz baxış bucağından qiymətləndirməsi ilə seçilən tələbələrin əksəriyyəti ilə söhbət zamanı mən onlardan nə isə öyrənirdim. Bilinirdi ki, bu peşəni sevərək gəliblər və peşəkarlaşmaq, inkişaf etmək üçün əllərindən gələni edirlər”.

 

Hazırki cəmiyyətinin əsas əmtəəsi informasiyadır. Çox şey onun alınıb-satılması üzərində qurulur, deyir Xavər Zairova. Əlavə edir ki, çoxekranlı bir dövrdə yaşadığımız üçün, nəinki mobil telefon və yaxud televizor, ağıllı saatların, avtomobil monitorlarının, müasir texnoloji eynəklərin ekranı da həyatımızın bir hissəsinə çevrilib. İnformasiyanı istəməsək də qəbul etmək məcburiyyətinə qalırıq. Bu da müasir insanın psixologiyasına, qavrayışına, diqqətinin paylanmasına ciddi təsir göstərir. 

 

“Son illərdə, bunu hamı deyir ki, “YouTube”da bir saat, saat yarımlıq videolara baxış sayı 30-20 saniyəlik qısa çarxlara nisbətən qat-qat azdır. Düzdür, hər məzmun tərtibatçısının öz auditoriyası var müddətindən asılı olmayaraq, amma gün ərzində sayı bilinməyən bildirişlər hansısa uzun videoya intervalsız baxmağa imkan vermir. “Skrollinq”, yəni ekranı davamlı sürüşdürmə vərdişinə görə, diqqətin fokuslanması müddəti azalıb. Bunu gənc nəsildə daha aydın görürük, bir sətirdə 3-4 söz görməyə öyrəşən beyin hansısa enli qalın kitabı, yaxud saytda “longread” məqalələri səbrlə oxuyub qavramaqda çətinlik çəkir”.

 

Müsahibim elə bu səbəbdən də auditoriyada tələbələrin diqqətinin cəmləməsi üçün daha interaktiv üsullardan istifadə etdiyini deyir.

 

“Müasir tələbə uzun darıxdırıcı mühazirələri dinləmək istəmir. Dərsləri çalışıram, ya interaktiv edim, ya da oyun, yaxud veriliş, debat formatına salım. Belə olduqda tələbə passiv dinləyiciyə çevrilmir. Əvvəl dediklərimi nəzərə alsaq, tələbədən tələb etdiyimiz qədər, müəllimlər də yanaşmanı yeniləməlidirlər. Gəncləri araşdırmağa, öz beyninin məhsulunu yaratmağa həvəsləndirməliyik. Süni intellekt inkişaf etdikcə, insan amilinin vacibliyini, orijinal düşüncənin əhəmiyyətini çatdırmalıyıq, izah etməliyik tələbələrə”.

 

 

Xavər xanım gənclərin seçdiyi ixtisasdan asılı olmayaraq, incəsənətdən, ədəbiyyatdan, keyfiyyətli musiqidən ayrı düşdüyünü də təəssüflə qeyd edir. Onun fikrincə, bu amillər yüksək zövq formalaşdırır və insanı daha tolerant, ətrafa qarşı daha həssas birinə çevrir ki, bunlar da vacib xüsusiyyətlərdir. Gənclərə muzeylərə, teatrlara, sərgilərə, klassik musiqi konsertlərinə getməyi tövsiyə edir. 

 

“Birinci kurs tələbələri məndən kitab, film tövsiyəsi istəyəndə çalışıram onlarda yaradıcı potensialı üzə çıxaracaq, nəsə yaratmağa, ya da əsl sənətinn qiymətini bilməyə kömək edəcək nümunələr deyim. Televiziya jurnalistikası dərsində müxtəlif rejissorların montaj prinsiplərindən, ekran dramaturgiyasının əhəmiyyətindən maraqlı nüanslar ən tənbəl tələbənin də diqqətini cəlb edir”.

 

Mədəniyyət Xəbərləri üçün materialların hazırlanmasına gəlincə isə, baş redaktor deyir ki, teatr tamaşasından material elə işlənməlidir ki, tamaşaçı bilet alıb o tamaşaya getsin. Yaxud hər hansı sərgidən reportaj hazırlayarkən, jurnalist rəssamın daxili dünyasını xüsusi prizmadan, hamının görmədiyi tərəfdən təqdim edəndə materialda imza yaddaqalan olur.

 

“Müxbir Hüqodan heç nə oxumayıbsa, onun hər hansı əsəri əsasında hazırlanan tamaşanı necə təhlil edə bilər? Yaxud onun yazısı nə dərəcədə oxunaqlı və hərtərəfli olacaq? Jurnalist dərin biliyi ilə tamaşaçıya nəyisə sırımadan, informasiyanı ən maraqlı tərəfi ilə, istinadlar və ya sitatlarla, müqayisəli təhlillə çatdıranda özünə etimadı da artırır”.

Xavər Zairovaya görə, jurnalist sosial məsuliyyətini dərk eədrək yazmalıdır, işləməlidir, yaratmalıdır. Yalnız belə olan halda etimad qazanır. Jurnalist öz üzərində işləyərək, özündən əvvəlkilərdən, işinin peşəkarlarından öyrənərək öz dəst-xəttini formalaşdırır. 

 

“Təbii ki, peşəkarlıqdan danışmaq mənə düşməz, mən hələ də müəllimlərimdən, bu yolda sənətinə böyük hörmətlə yanaşan insanlardan öyrənirəm. Sadəcə, yazmağı, sözlə işləməyi, sözü hiss etməyi və peşəmi sevirəm. Bir müdrikin dediyi kimi, insan da sevdiyindən öyrənir”.

#baki #istedadı #jurnalistika #tələbələrlə #aztv-nin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər