00:00:00
Yazar
Bəsti Nəsibova
02.09.2026 13:20 240 5 dəq oxuma
Sosial

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2026–2028-ci illər üçün Fəaliyyət Planını hazırlayıb

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2026–2028-ci illər üçün Fəaliyyət Planını hazırlayıb

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakına töhfə vermək məqsədilə 2026–2028-ci illər üçün Fəaliyyət Planı hazırlayıb.

Koalisiyanın Fəaliyyət Planı Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planında (MFP) müəyyən edilmiş prioritet istiqamətlər nəzərə alınmaqla hazırlanıb. Sənəd QHT-lərin malik olduğu praktiki təcrübə, xidmət imkanları, ictimai iştirak, maarifləndirmə, tədqiqat və insan alveri qurbanları ilə birbaşa iş sahəsində əldə etdikləri təcrübə əsasında Milli Fəaliyyət Planının icrasına verə biləcəyi töhfələri sistemləşdirir.

Təsdiq edilmiş MFP-də insan alverinə qarşı mübarizə üzrə dövlət siyasətinin səmərəli həyata keçirilməsində yalnız aidiyyəti dövlət qurumlarının deyil, həmçinin bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının praktiki potensialından davamlı şəkildə istifadə olunmasının əhəmiyyəti əksini tapıb. Xüsusilə insan alveri risklərinin erkən aşkarlanması, ehtimal olunan qurbanların müəyyən edilməsi və xidmətlərə istiqamətləndirilməsi, sosial reabilitasiya, uşaqların müdafiəsi, əmək istismarının qarşısının alınması, tədqiqat, maarifləndirmə və yeni risklərin müəyyənləşdirilməsi sahələrində QHT-lərin iştirakı dövlət tədbirlərini tamamlayan mühüm mexanizm kimi qiymətləndirilir.

Fəaliyyət Planı MFP-nin konkret istiqamətlərinə əsaslanır

Koalisiyanın 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planında MFP-nin bir sıra istiqamətləri üzrə vətəndaş cəmiyyəti institutlarının verə biləcəyi konkret töhfələr müəyyənləşdirilib.

Bu istiqamətlərə insan alveri qurbanlarının müəyyən edilməsi qaydalarının və indikatorlarının təkmilləşdirilməsinə töhfə verilməsi, insan alverinin gender aspektlərinin tədqiqi, insan alverinə qarşı ictimai dözümsüzlük mühitinin gücləndirilməsi, potensial qurbanların məşğulluğa istiqamətləndirilməsi, uşaqların müdafiəsi, QHT-lərin nəzdində fəaliyyət göstərən sığınacaq və yardım xidmətlərinin inkişaf etdirilməsi, dövlət–QHT–özəl sektor əməkdaşlığının gücləndirilməsi, təlim və maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi daxildir.

Koalisiyanın Fəaliyyət Planında insan alverindən zərər çəkmiş və ya risk altında olan uşaqların müdafiəsinə xüsusi yer ayrılıb. MFP-nin 8.5.3 və 8.5.5-ci bəndləri ilə əlaqəli fəaliyyətlər çərçivəsində risk altında olan uşaqların ehtiyaclarının müəyyənləşdirilməsi, onların sosial, psixoloji, hüquqi və təhsil xidmətlərinə istiqamətləndirilməsi, təhsildən yayınma və baxımsızlıq hallarının uşaq əməyi, dilənçilik, erkən evlilik və digər istismar riskləri ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi planlaşdırılır.

Fəaliyyət Planının mühüm istiqamətlərindən biri MFP-nin 8.8.5-ci bəndində nəzərdə tutulan uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlar və işəgötürənlərlə aparılan işə QHT-lərin töhfəsinin gücləndirilməsidir. Koalisiya bu istiqamətdə həyata keçirilən və nəzərdə tutulan dövlət tədbirlərini dəstəkləməklə yanaşı, sahibkarların uşaq əməyini qanuni yeniyetmə əməyindən fərqləndirməsi, təhlükəli əmək formalarını və risk əlamətlərini tanıması istiqamətində maarifləndirmə işlərinin aparılmasını planlaşdırır.

Bununla yanaşı, müəssisələr üçün “Uşaq əməyinin qarşısının alınmasına dair nümunəvi daxili siyasət” layihəsinin hazırlanması və təşviqi nəzərdə tutulur. Bu təşəbbüs sahibkarların yalnız məlumatlandırılması ilə kifayətlənməyərək, uşaq əməyinin qarşısının alınması üzrə müəssisədaxili preventiv yanaşmanın formalaşdırılmasına töhfə verməyi hədəfləyir.

MFP-nin 8.4.3 və 8.4.5-ci bəndləri ilə əlaqədar olaraq insan alveri qurbanlarına xidmət göstərən QHT-lərin nəzdində fəaliyyət göstərən sığınacaq və yardım mərkəzlərinin imkanlarının inkişaf etdirilməsi, hüquqi yardım, sosial müşayiət, psixoloji dəstək və xidmətlərə istiqamətləndirmə fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulur.

Potensial qurbanların məşğulluğu istiqamətində isə onların bacarıq və ehtiyaclarının müəyyən edilməsi, peşə və məşğulluq imkanlarına istiqamətləndirilməsi, təhlükəsiz iş imkanlarına çıxışının dəstəklənməsi və mümkün olduğu hallarda işə yerləşdirildikdən sonra vəziyyətlərinin izlənilməsi planlaşdırılır.

Yeni insan alveri risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması

İnsan alverinin forma və cəlbetmə üsullarının dəyişməsi Koalisiyanın fəaliyyətində də nəzərə alınacaq. QHT-lərə daxil olan məlumatlar və praktiki müşahidələr əsasında yeni cəlbetmə üsullarının, saxta iş təkliflərinin, əmək istismarı risklərinin və rəqəmsal mühitdə yaranan təhlükələrin anonimləşdirilmiş şəkildə ümumiləşdirilməsi, əldə olunan nəticələrin aidiyyəti dövlət qurumları ilə işçi müzakirələrində paylaşılması nəzərdə tutulur.

Əməkçi miqrantlar arasında məcburi əmək, sənədlərin saxlanılması, əməkhaqqının ödənilməməsi, borc asılılığı və təhlükəli iş təklifləri barədə maarifləndirmə də Fəaliyyət Planının əsas istiqamətlərinə daxil edilib.

Koalisiya MFP-nin 8.8.4-cü bəndinin icrasına töhfə olaraq həyata keçirdiyi əsas təlim və maarifləndirmə tədbirlərinin nəticələrinin qiymətləndirilməsi təcrübəsini genişləndirməyi nəzərdə tutur. Təlimlərdə mümkün olduğu hallarda ilkin və yekun qiymətləndirmədən, iştirakçı rəylərindən və praktiki halların müzakirəsindən istifadə olunacaq. Məqsəd yalnız keçirilmiş tədbirlərin sayını deyil, onların iştirakçıların bilik və praktiki bacarıqlarına təsirini də qiymətləndirməkdir.

Dövlət–QHT əməkdaşlığının gücləndirilməsi

Koalisiyanın ikiillik Fəaliyyət Planının əsas prinsiplərindən biri insan alverinə qarşı mübarizədə dövlət qurumları, QHT-lər, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsidir.

Bu məqsədlə dövlət qurumları ilə işçi və koordinasiya görüşlərinin keçirilməsi, QHT-lərin praktiki müşahidələrinin və təkliflərinin təqdim edilməsi, xidmət göstərən qurumlar və tərəfdaşlarla bağlı əlaqə bazasının formalaşdırılması, yaxşı təcrübələrin paylaşılması və birgə təşəbbüslərin təşviqi nəzərdə tutulur.

Koalisiya ikiillik dövr ərzində insan alveri indikatorlarının təkmilləşdirilməsinə dair təkliflər paketi, gender və digər aktual istiqamətlər üzrə tədqiqat və analitik materiallar, ixtisaslaşmış təlimlər, maarifləndirmə tədbirləri, dövlət qurumları ilə işçi görüşlər, uşaq əməyinin qarşısının alınması üzrə nümunəvi daxili siyasət layihəsi və xidmətlərə yönləndirməni asanlaşdıran resurs məlumatlarının hazırlanmasını hədəfləyir.

Koalisiyanın mövqeyi

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, Milli Fəaliyyət Planının səmərəli icrasında vətəndaş cəmiyyəti institutlarının iştirakı yalnız ayrı-ayrı tədbirlərə cəlb olunmaqla məhdudlaşmamalı, davamlı və nəticəyönümlü tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməlidir.

Koalisiyanın 2026–2028-ci illər üçün hazırladığı Fəaliyyət Planı məhz bu yanaşmaya əsaslanır. Sənəd Milli Fəaliyyət Planının icrasına QHT sektorunun peşəkar, praktiki və ölçülə bilən töhfəsini sistemləşdirmək məqsədi daşıyır.

Hazırlanmış Fəaliyyət Planının aidiyyəti dövlət qurumları ilə müzakirəyə təqdim edilməsi və Milli Fəaliyyət Planının icrası prosesində dövlət–QHT əməkdaşlığının daha sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası

#2026–2028-ci #i̇nsan #yeni #qht
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər