00:00:00
Yazar
Ayan Sadi
02.09.2026 23:09 42 3 dəq oxuma
İdman

“Sabah”ın tarixi Çempionlar Liqası debütü - Azərbaycan futbolunda yeni rekord və Avropa səhnəsində böyük sınaq

“Sabah”ın tarixi Çempionlar Liqası debütü - Azərbaycan futbolunda yeni rekord və Avropa səhnəsində böyük sınaq

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu baxımından mühüm hadisə olmaqla yanaşı, klubun qısa müddətdə əldə etdiyi böyük uğurun göstəricisidir. Klubun yaranmasından 10 il keçmədən Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlməsi həm ölkə daxilində, həm də beynəlxalq futbol ictimaiyyətində böyük maraq doğurub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Report İnformasiya Agentliyi İdman Şöbəsinin rəhbəri Kənan Həsənov bildirir ki, “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində iştirakı Azərbaycan futbolu üçün yeni rekord xarakteri daşıyır.

 

İdman jurnalistinin sözlərinə görə, bundan əvvəl “Qarabağ” iki dəfə Çempionlar Liqasının əsas mərhələsində Azərbaycanı təmsil edib. “Sabah”ın isə debüt ilində bu uğura imza atması klubun inkişaf dinamikasının göstəricisidir.

 

“Sabah”ın bu səviyyəyə qədər yüksəlməsi təkcə Azərbaycan futbolunda deyil, Avropada və ümumilikdə dünya futbol ictimaiyyətində də ciddi maraq yaradıb. Klubun hələ 10 yaşı tamam olmadan dünyanın ən nüfuzlu klub turnirində iştirak hüququ qazanması xarici medianın diqqətini Azərbaycan futboluna yönəldib.

 

Kənan Həsənovun fikrincə, “Sabah”ın qarşılaşacağı rəqiblər də klub üçün böyük təcrübə imkanları yaradacaq. “Mançester Yunayted”, “Barselona” və “Arsenal” kimi dünya futbolunun nəhəngləri ilə oyunlar komandanın həm futbolçuları, həm də ümumi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

 

“Əvvəlki mövsümlərlə müqayisədə bu dəfə Azərbaycana daha güclü komandalar gələcək. Püşkatmanın nəticəsinə əsasən, “Sabah”ın bəxtinə həqiqətən də çox güclü rəqiblər düşüb. “Mançester Yunayted”, “Barselona” və “Arsenal” nəinki Avropanın, dünyanın ən güclü klubları sırasında yer alır. Bu komandalarla qarşılaşmalar “Sabah” üçün böyük təcrübə olacaq. Klub həmin oyunlarda özünü sınayacaq və əldə etdiyi təcrübə gələcək inkişafına ciddi təsir göstərə bilər”.

 

İdman şöbəsinin rəhbəri hesab edir ki, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanılması “Sabah”ın maliyyə imkanlarının genişlənməsi baxımından da mühüm addımdır. Belə bir uğur klubun daha səviyyəli futbolçular transfer etməsinə və inkişaf istiqamətlərinə əlavə maliyyə resursları ayırmasına imkan yarada bilər.

 

“Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağın özü artıq inkişaf yolunda atılan addım sayılmalıdır. Çünki bu mərhələyə yüksəlmək milyonlarla avro gəlir əldə etmək imkanı deməkdir. Müasir futbolda maliyyə amili klubun inkişafı, səviyyəli futbolçuların transferi və komandanın gücləndirilməsi baxımından olduqca vacibdir. Bu baxımdan “Sabah”ın əldə etdiyi uğur klubun gələcək inkişafına müsbət təsir göstərəcək”.

 

Kənan Həsənovun fikrincə, “Sabah”ın Çempionlar Liqasındakı iştirakı Azərbaycan futbolunun beynəlxalq nüfuzunun yüksəlməsinə də xidmət edəcək. Komandanın dünyanın aparıcı klubları ilə qarşılaşması xarici medianın Azərbaycan futboluna marağını daha da artıra bilər.

 

“Sabah”ın bu mərhələyə qədər gəlib çıxması artıq dünya mediasının diqqət mərkəzindədir. Qarşıda komandanı bir-birindən çətin və ciddi sınaqlar gözləyir. Ümid edirik ki, “Sabah” həmin oyunlardan da alnıaçıq çıxacaq. Qarşılaşmalar zamanı və oyunlardan sonra dünya mediasının diqqətinin Azərbaycan futboluna yönəlməsi ölkəmizin futbolunun beynəlxalq səviyyədə tanıdılması baxımından çox önəmli məsələdir”.

 

 

Süsən Mərdalıqızı

#yeni #böyük #rekord #“sabah”ın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər