00:00:00
Yazar
Bəsti Nəsibova
18.09.2026 11:50 38 2 dəq oxuma
Sosial

İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası tərəfindən Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb.

Təkliflər insan alverinin qarşısının alınması, qurbanların və ehtimal olunan qurbanların erkən aşkarlanması və müəyyən edilməsi, onların hüquq və qanuni mənafelərinin müdafiəsi, yardım, sosial reabilitasiya və reinteqrasiya mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə mövcud normativ-hüquqi aktların və onların tətbiqi təcrübəsinin təhlili əsasında hazırlanıb.

Koalisiyanın hazırladığı təkliflərdə insan alverinin forma və üsullarında baş verən müasir dəyişikliklərin nəzərə alınması, qurbanların müəyyən edilməsi mexanizmlərinin daha çevik və kompleks yanaşma əsasında təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb.

Sənəddə xüsusilə rəqəmsal və texnoloji vasitələrdən istifadə etməklə həyata keçirilən istismar formalarının, əməyin istismarının və məcburi cinayət fəaliyyətinin daha düzgün aşkarlanması, habelə uşaq qurbanların xüsusi müdafiəsinin gücləndirilməsi ilə bağlı yanaşmalar öz əksini tapıb.

Təkliflərə əsasən, insan alverinin müəyyən edilməsində istifadə olunan indikatorların stereotiplər və subyektiv ehtimallar əsasında deyil, şəxsin faktiki vəziyyəti və mövcud hallar nəzərə alınmaqla qiymətləndirilməsi təklif olunur. Eyni zamanda, insan alverinə dair əsaslı şübhə yarandığı andan ehtimal olunan qurbanların yardım, müdafiə və istiqamətləndirmə mexanizmlərinə daha erkən çıxışının təmin edilməsi nəzərdə tutulur.

Koalisiyanın yanaşmasına görə, indikator insan alveri cinayətinin törədilməsini özlüyündə təsdiq edən sübut hesab edilmir. Onun əsas funksiyası insan alverinin mümkün əlamətlərinin erkən aşkarlanmasına, şəxsin vəziyyətinin əlavə qiymətləndirilməsinə və ehtimal olunan qurbanın müvafiq müdafiə və yardım mexanizmlərinə vaxtında yönləndirilməsinə xidmət etməkdir.

Təkliflərin həyata keçirilməsi nəticəsində insan alveri qurbanlarının və ehtimal olunan qurbanların daha erkən müəyyən edilməsi, yeni və gizli istismar formalarının aşkarlanması, dövlət qurumları və ixtisaslaşmış qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də qurbanların müdafiə və yardım mexanizmlərinə vaxtında çıxışının təmin edilməsi nəzərdə tutulur.

Koalisiya hesab edir ki, qanunvericiliyin təkmilləşdirilməsi yalnız yeni istismar formalarının normativ aktlarda sadalanması ilə məhdudlaşmamalı, insan alverinin dəyişən üsullarını vaxtında müəyyən etməyə və qurbanların faktiki vəziyyətini kompleks şəkildə qiymətləndirməyə imkan verən vahid yanaşmanın gücləndirilməsinə xidmət etməlidir.

Təkliflər çərçivəsində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, həmçinin insan alveri qurbanlarının müəyyən edilməsi, milli istiqamətləndirmə mexanizmi və sosial reabilitasiya ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarları nəzərdən keçirilib.

Hazırlanmış qanunvericilik təklifləri aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə (İAQMBİ) təqdim edilib. Sənədin aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirilməsi və irəli sürülən təkliflərin qanunvericiliyin və tətbiq mexanizmlərinin təkmilləşdirilməsi prosesində nəzərə alınması təklif olunur.

Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər