00:00:00
Yazar
Səmayə Səftərova
28.10.2026 21:42 54 2 dəq oxuma
Siyasət

Xankəndidə MDB ölkələrinin antiinhisar qanunvericiliyinin pozulması üzrə birgə araşdırmalar qərargahının iclası keçirilib

Xankəndidə MDB ölkələrinin antiinhisar qanunvericiliyinin pozulması üzrə birgə araşdırmalar qərargahının iclası keçirilib

Xankəndi şəhərində MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib.

 "İnformator.az" xəbər verir ki, iclas Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsi, Avrasiya İqtisadi Komissiyası, Regional Rabitə Birliyi və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.

Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini – dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi ilə çıxış ediblər.

Müzakirələr zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi sektorlarda antiinhisar nəzarətinin gücləndirilməsi, həmçinin birgə tədqiqatların aparılması məsələləri nəzərdən keçirilib.

Bundan başqa, Qərargahın fəaliyyətinin yeni istiqamətləri və üzv dövlətlər arasında əməkdaşlığın inkişafı üçün növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qərarı ilə yaradılıb. Qərargahın əsas məqsədi transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətə zidd davranışlarının birgə araşdırılmasını təmin etmək, rəqabət qanunvericiliyinin pozulmasının qarşısını almaq və üzv dövlətlərin rəqabət orqanları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.

#Xankəndi #MDB #Qərargah
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər