00:00:00
Yazar
Ayan Sadi
16.11.2026 22:21 41 2 dəq oxuma
Dünya

Gürcüstan-Avropa İttifaqı münasibətlərində gərginlik – Brüssel dəvəti diplomatik soyuqluğun göstəricisidir

Gürcüstan-Avropa İttifaqı münasibətlərində gərginlik – Brüssel dəvəti diplomatik soyuqluğun göstəricisidir

 

 

Gürcüstan rəhbərliyi Avropa İttifaqının Brüsseldə keçiriləcək tədbirlərində iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb ölkənin sammitə müvafiq səviyyədə dəvət olunmaması göstərilib. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirə yalnız ölkənin Brüsseldəki səfiri dəvət edilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər 2024-cü ildə xarici agentlər haqqında qanunun qəbulundan sonra daha da kəskinləşib:

 

“Gürcüstan həmin vaxta qədər Avropa İttifaqına üzvlük danışıqlarına başlamaq üçün namizəd ölkə statusu əldə etmişdi. Lakin Gürcüstan hakimiyyətinin atdığı addımlar, ölkədə siyasi repressiya xarakterli tədbirləri gücləndirməsi Avropa İttifaqı ilə münasibətlərin soyumasına gətirib çıxardı. Hazırda Avropa İttifaqının Gürcüstana qarşı sərt və kənarlaşdırıcı siyasət apardığını görürük. Bu baxımdan ölkənin Brüsselə yalnız səfir səviyyəsində dəvət olunması ikitərəfli münasibətlərdəki soyuqluğun diplomatik göstəricisidir”.

 

Aydın Quliyevin sözlərinə görə, Gürcüstan hakimiyyəti Avropa ilə münasibətlərdə yaranan problemləri ölkənin Ukrayna müharibəsinə qoşulmaması ilə əlaqələndirsə də, əsas səbəb hökumətin Rusiyayönümlü siyasətə meyil etməsidir. Aydın Quliyev hesab edir ki, xarici agentlər haqqında qəbul edilən qanunun Rusiyadakı oxşar qanunvericiliklə eynilik təşkil etməsi Avropa strukturlarının Gürcüstana münasibətinə təsir edən əsas amillərdəndir:

 

“Azərbaycan da Rusiya-Ukrayna müharibəsi ilə bağlı sanksiyalara qoşulmadı və Ukraynaya hərbi dəstək vermədi. Buna baxmayaraq, Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etmədi, diplomatik güzəştləri də ləğv etmədi. Gürcüstanla bağlı vəziyyət isə fərqlidir. Burada əsas məsələ hökumətin Rusiyayönümlü siyasətə daha çox meyil etməsidir. Bu amil Avropa strukturlarının Gürcüstana münasibətini köklü şəkildə dəyişib”.

 

Aydın Quliyev qeyd edib ki, tərəflər arasında mövcud gərginliyin gələcəkdə daha da dərinləşməsi mümkündür. Onun fikrincə, Avropa İttifaqının Gürcüstana qarşı sərt mövqeyini davam etdirməsi ölkənin siyasi və iqtisadi əlaqələrinə mənfi təsir göstərə bilər. Bu proses yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmaya, regional nəqliyyat və iqtisadi layihələrə də təsir edə bilər.

 

Aydın Quliyevin xüsusilə Orta Dəhlizlə bağlı mümkün risklərə diqqət çəkib. Onun sözlərinə görə, Gürcüstanla Avropa arasında münasibətlərin kəskinləşməsi ölkənin Rusiya ilə yaxınlaşmasını sürətləndirə və Orta Dəhlizin fəaliyyətində müəyyən maneələrin yaranmasına səbəb ola bilər:

 

“İstisna deyil ki, Gürcüstan Avropa ilə münasibətləri kəskinləşdikcə Rusiya ilə yaxınlaşaraq Orta Dəhlizin üzərində maneələr yaratmaq kursuna baş vura bilər. Buna görə də mövcud gərginliyin davam etməsi həm Gürcüstanın Avropa ilə gələcək əlaqələri, həm də regionun nəqliyyat-kommunikasiya imkanları baxımından müəyyən fəsadlar yarada bilər”.

 

 

Aytən Əhmədova

#azərbaycan #münasibətlərində #göstəricisidir #gürcüstan-avropa #diplomatik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər