00:00:00
Yazar
Zəhra Həsənova
25.11.2026 22:36 91 3 dəq oxuma
Siyasət

Azər Allahverənov: Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial mövcuddur

Azər Allahverənov: Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial mövcuddur

Azərbaycan və Monteneqro arasında siyasi dialoqun inkişafı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə enerji, nəqliyyat, turizm və investisiya sahələrində iki ölkə arasında yeni əməkdaşlıq imkanları mövcuddur.

 

Bu barədə Milli Məclisin üzvü Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-Monteneqro münasibətləri dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir. Onun sözlərinə görə, iki ölkə arasında siyasi və diplomatik təmaslar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı səfərlər münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

 

A.Allahverənov vurğulayıb ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edən ölkələr sırasındadır. Eyni zamanda, Azərbaycanın da Monteneqronun dövlət suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi ikitərəfli münasibətlərin siyasi əsaslarını gücləndirir.

 

Deputatın fikrincə, Monteneqronun NATO üzvü olması və Avropa İttifaqına üzvlük istiqamətində danışıqlar aparması bu ölkənin Azərbaycan üçün Balkan regionunda əhəmiyyətini artırır. O bildirib ki, Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və iqtisadi əlaqələrini genişləndirmək siyasəti fonunda Monteneqro ilə əməkdaşlıq xüsusi perspektivlər vəd edir.

 

İqtisadi əməkdaşlıq məsələsinə toxunan deputat qeyd edib ki, enerji, nəqliyyat, turizm və investisiya sahələri iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün əsas istiqamətlərdir. O, Azərbaycan kapitalının iştirakı ilə Monteneqronun Adriatik sahilində həyata keçirilən Portonovi layihəsini iqtisadi tərəfdaşlığın konkret nümunələrindən biri kimi qiymətləndirib.

 

Onun sözlərinə görə, bu layihə turizm, hotelçilik, daşınmaz əmlak və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu istiqamətlər bir-biri ilə sıx bağlı olduğundan investisiya əlaqələrinin inkişafı digər iqtisadi sahələrə də müsbət təsir göstərə bilər.

 

A.Allahverənov iki ölkə arasında hava əlaqələri haqqında 2023-cü il fevralın 4-də imzalanmış sazişin də əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, sənəd hər iki ölkənin aviaşirkətlərinə həftəlik sərnişin və yük reyslərini məhdudiyyətsiz həyata keçirmək hüququ verir. Bu isə turizm əlaqələrinin dərinləşməsi və insanlar arasında təmasların artması üçün əlavə imkanlar yaradır.

 

Deputat, həmçinin Monteneqronun Baş naziri Miloyko Spayiçin 24 noyabr 2026-cı ildə Azərbaycana işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığın gündəliyinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

O qeyd edib ki, görüşlərdə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və infrastruktur layihələrində tərəfdaşlıq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, eləcə də Monteneqronun Avropa İttifaqına üzvlük perspektivləri kimi məsələlər diqqət mərkəzində olub.

 

A.Allahverənov parlamentlərarası əlaqələrin də ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Onun sözlərinə görə, parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti, Monteneqro parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması, eləcə də deputatlar və parlament rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir.

Deputat hesab edir ki, Azərbaycan və Monteneqro arasında mövcud siyasi dialoq gələcəkdə konkret investisiya, enerji və infrastruktur layihələri ilə daha da zənginləşdirilə bilər. O əlavə edib ki, Monteneqronun gələcəkdə Avropa İttifaqına üzvlüyü Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin inkişafı üçün də əlavə imkanlar yarada bilər.
Ada Hacızadə

#yeni #potensial #genişləndirilməsi #azər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər