00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 22:36 92 2 dəq oxuma
Siyasət

Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur

Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur

Milli Məclis “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsini təsdiqləyib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Azərbaycanın “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulması xarici ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişlənməsinə və sübutların əldə edilməsi prosesinin asanlaşmasına şərait yaradacaq:

 

“Təsəvvür edək ki, Bakıda bir məhkəmə işi araşdırılır, lakin həmin iş üzrə şahid Almaniyada, Fransada və ya başqa xarici ölkədə yaşayır. İndiyədək belə hallarda sübutların əldə edilməsi prosesi müəyyən çətinliklərlə üzləşirdi. Konvensiyaya qoşulduqdan sonra Azərbaycan məhkəmələri rəsmi sorğular vasitəsilə xarici ölkələrin məhkəmələrindən sübutların toplanmasını tələb edə biləcəklər. Bura şahidlərin dindirilməsi, bank hesabatlarının, müqavilələrin, tibbi rəylərin və digər sənədlərin əldə edilməsi daxildir. Eyni zamanda, Azərbaycan xarici ölkələrə sübutların göndərilməsi imkanını da əldə edəcək.

 

Bundan əlavə, sübutların toplanması üçün diplomatik kanallardan istifadə etmək mümkün olacaq. Konvensiyaya əsasən, sorğu icra olunacağı dövlətin mərkəzi orqanına göndərilir. Bu, prosesin daha sistemli və hüquqi çərçivədə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək lazımdır ki, Konvensiya mülki və ticarət işlərini əhatə edir”.

 

Politoloqun sözlərinə görə, Konvensiyanın tətbiqi xaricdə sübutların toplanması ilə bağlı mövcud prosedurları sadələşdirəcək və vaxt itkisini azaldacaq. Əvvəlki sistemdə məhkəmə sorğusu Ədliyyə Nazirliyinə, oradan Xarici İşlər Nazirliyinə, daha sonra səfirliyə, səfirlik vasitəsilə isə yenidən xarici ölkənin Xarici İşlər Nazirliyinə və müvafiq məhkəmələrə göndərilirdi. Bu prosedur uzun müddət, hətta bəzən illərlə davam edə bilirdi:

 

“Yeni mexanizmə əsasən, sorğu məktubları standart formada hazırlanacaq, məhkəmə işinin mahiyyəti və tələb olunan sübutlar konkret göstəriləcək. Sorğular birbaşa müvafiq dövlətin mərkəzi orqanına göndəriləcək və həmin ölkənin qanunvericiliyinə uyğun icra olunacaq. Nəticədə sübutların daha qısa müddətdə əldə edilməsi və prosesin sürətlənməsi təmin olunacaq.

 

Bu qərarın vətəndaşların hüquqlarının qorunmasına təsirinə gəldikdə isə Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri ailə və miras mübahisələri ilə bağlıdır. Xüsusilə ikili vətəndaşlıq hallarında tərəflərdən birinin xarici ölkə vətəndaşı olması aliment, miras və gəlirlərin bəyan edilməsi kimi məsələlərdə müəyyən çətinliklər yarada bilir. Konvensiyanın tətbiqi bu problemlərin həllinə kömək edəcək.

Bundan başqa, həm Azərbaycanda, həm də dünyada mülki mübahisələr, biznes və əmlak münasibətləri ilə bağlı məhkəmə işləri geniş yayılıb. Bu baxımdan, yeni mexanizm belə işlər üzrə zəruri sübutların əldə edilməsini asanlaşdıracaq. Eyni zamanda, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəmizdəki məhkəmə proseslərində iştirakının və hüquqlarının qorunmasının daha sistemli şəkildə həyata keçirilməsinə şərait yaradacaq”.

 

 

Fidan Alışova

#xaricdə #işləri #“mülki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər