Çingiz Abdullayevin özünü iki böyük müəlliflə müqayisə etməsi ədəbiyyatdan uzaq olduğunu bir daha təsdiq edir
Ötən ay Azərbayacn Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev ana dilində yazmadığına görə ona irad tutanlara cavab verib. Xalq yazıçısı deyib ki, bu məntiqlə yanaşanda onda Nizami, Füzuli kimi dahiləri də Azərbaycanda qadağan etmək lazımdır. Belə çıxır ki, yad dildə yazmış “özgə müəlliflər”in hamısının əsərlərini ləğv etmək lazımdır. Yazıçı eyni zamanda, Rus dilində yazılan əsərlərə də qadağa barədə iddia irəli sürüb. Çingiz Aytmatovu, Oljas Süleymanovu, Fazil İskəndəri, İmran Qasımovu, Maqsud və Rüstəm İbrahimbəyovları, Ramiz Fətəliyevi, Mənsur Vəkilovu və təbii ki, Çingiz Abdullayevi.
Məsələ ilə bağlı, İnformator.az-a açıqlama verən yazıçı Şərif Ağayar deyib ki, heç kim Çingiz Abdullayevə niyə rusca yazırsan və ya niyə Azərbaycanca yazmırsan, demir. Müsahibin sözlərinə əsasən, camaat deyir ki, Azərbaycanın Xalq yazıçısısan, bu illər ərzində yapon qızı Tomoka saz çalıb oxumağı öyrənibsə, sən də normal danışmağı öyrənə bilərdin.
“Əgər öyrənmirsənsə, sənə maraqlı deyilsə, Azərbaycan dili ilə bağlı foruma getmə. Gedirsən, çıxış etmə, nə vacibdir? Nizami və Çingiz Aytmatovla müqaysəyə qalanda, bu, çox gülməlidir. Söhbət təkcə hansı dildə yazmaqdan getmir, məxsus olduğun xalqa, topluma, doğulub böyüdüyün coğrafiyaya nə qədər mənsub olmaqdan gedir. Çingiz Abdullayev öz yazdıqları ilə nəinki Azərbaycana, dünyanın heç bir yerinə məxsus deyil. Nizami isə farsca yazsa belə bütün ruhu, predmet və hadisələrə münasibəti və təsvir etdiyi coğrafiyaya görə hamımızdan artıq azərbaycanlıdır. Bu haqda Məmməd Əmin Rəsulzadənin "Böyük Azərbaycan şairi Nizami" adlı monoqrafiyası da var, baxsın, əgər rus dilinə tərcümə olunubsa oxusun. Çingiz Aytmatov da eləcə, bütün ruhuyla qırğızdır. Ən böyük əsəri "Əsrə bərabər gün" "Manas" dastanının motivləri əsasında qələmə alınıb. Çingiz Abdullayevin özünü bu iki böyük müəlliflə müqayisə etməsi ədəbiyyatdan nə qədər uzaq olduğunu bir daha təsdiq edir. Günəşlə Küləş qədər oxşardırlar”.
Həcər Əmiraslanlı
