"TƏRBİYƏNİ DÜZGÜN QURMAQ ÜÇÜN ÖVLADLARIMIZA QARŞI ƏN KİÇİK YAŞLARDAN MÜTLƏQ DİQQƏTLİ OLMALIYIQ"
Uşaqlara düzgün tərbiyə necə verilməlidir? Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova mühim məqamlara toxunub.
Psixoloqa görə uşağın tərbiyəsi onlara dəyər verməkdən, dinləməkdən, diqqət yetirməkdən keçir. "Uşaqları düzgün tərbiyə etmək üçün ana bətnindən başlayaraq yetkin yaşa qədər onlara dəyər verməliyik, dinləməliyik, suallarına düzgün cavab verməliyik, o zaman cəmiyyətdə "biz gözəl övlad böyütdük" deyə bilərik. Övladımız hansı mühitdə böyüyürsə, həmin mühiti davam etdirir. Tərbiyəni düzgün qurmaq üçün ən kiçik yaşlarından, xüsusilə də 7 yaşa qədər övladlara mütləq diqqət ayrılmalıdır".
Aytən Ələkbərova uşaqların şəxsiyyət kimi yetişməsində vacib olan üsulları diqqətimizə çatdırıb.
"Bir neçə dövrlər var, həmin dövrlərə mütləq diqqət yetirilməlidir. Buraya çağalıq dövründə olan emosianal ünsiyyət daxildir. İkinci dövr körpəlik dövrüdür. 1 yaşdan 3 yaşa qədər aparıcı fəaliyyət lazımdır, buraya nitqin təşəkkül etməsi daxildir. Üçüncü dövr 3 yaşdan 6 yaşa qədər olan dövrdür. Bu zaman aparıcı fəaliyyət rollu oyunlardır, çünki bu zaman uşaqlarda təxəyyül formalaşır, bunlar isə insanlıq münasibətlərə bir-başa təkan vermiş olur. Digər dövr 6 yaşdan 10 yaşa qədər olan dövrdür. Həmin dövrdə aparıcı proses təlimdir. Bundan sonra uşağın kiçik yeniyetməlik dövrü başlayır, burada əsas ictimai fəaliyyətdir. Buraya idman, tədris, şəxsi ünsiyyət daxildir. 15-25 arası isə tədrislə peşə yönümlü fəaliyyət çıxışları ilə bərabər ideyası, əxlaqı və bu yaşın başlıca mərhələsi dünyagörüşü, peşə maraqlarıdır. Biz bunlara düzgün şəkildə diqqət yetirib övladlarımızı yetişdirsək cəmiyyət üçün tərbiyəli, əxlaqlı şəxslər yetişdirmiş olarıq".
ÇİNARƏ MURADOVA
