"İran prezidenti dini liderin kölgəsində olan bir şəxsdir"-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:10 09.07.2024

Belə bir misal var ki, halva, halva deməklə ağız şirin olmaz. Seçilənə qədər böyük vədlər, böyük ümidlər verdi və sələfiləri kimi seçildi. İndi vədə vəfa vaxtıdır.

 

İranın yeni seçilən prezidenti Məsud Pezeşkian səsləndirdiyi bəyanatlara əməl edəcəkmi ?

 

İran daxili və xarici siyasətində hansı dəyişikliklər edəcək ?

 

Ona qədər islahatçıların nümayəndələri vədlər versələr də, təəssüflər olsun ki, heç bir iş görmədilər. İslahatlar keçirilmədi. Hazırkı rejimdən narazı olan İran cəmiyyəti və gənc nəsl islahatlar tələb edir. Xalqın etimadını doğrultmaq da ona düşüb.


Mövzu ilə bağlı "informator.az"a müsahibəsində politoloq Oqtay Qasımov bildirib ki, İran keçirilən prezident seçkiləri bütün dünyanın diqqət mərkəzində oldu:

 

"Gözlənilənlərin əksi olaraq sürpriz yaşandı. Birinci turda qalib gələn islahatçılar qanadına mənsub Məsud Pezeşkian, ikinci turda səslərini 6 milyon daha artıraraq İranın yeni prezidenti seçildi. İranın dini lideri və SEPAH onun hakimiyyətə gəlməsində maraqlı deyildilər.

Mühafizəkarların nümayəndəsinin seçilməsinə və onun prezident olmasına şərait yaradsalarda vəziyyət dəyişdi. Dini lider və SEPAH yaranan reallıqları qəbul etdilər. Bundan sonra İranın vəziyyəti necə olacaq ? Yeni prezident verdiyi vədlərə sadiq qalacaqmı ? Bu biraz mürəkkəb sualdır".

 

Politoloqun sözlərinə görə, İran prezidenti faktiki olaraq dini liderin kölgəsində olan şəxsdir:

 

"Daha çox icraedici funksiyalarla məşğuldur. Dini liderin tapşırıqlarını həyata keçirir. Buna görə də, ciddi dəyişikliklərin olacağını demək imkansızdır. Xüsusən xarici siyasətdə müəyyən qədər yumşalma ola bilər. Mümkün variant ondan ibarətdir ki, Məsud Pezeşkian Qərblə dialoqu genişləndirməyə çalışacaq. Sanksiyaların təsirini azaltmaq istəyəcək. Amma buna nail olacaqmı ? Bu kifayət qədər problematik məsələdir. Nəzərə alsaq ki, ABŞ İran siyasətində ciddi dəyişiklik olmayacağını bildirib. Noyabrda keçiriləcək seçkilərdə, İrana qarşı daha sərt münasibət tərəfdarı olan Trampın qələbə ehtimalı daha yüksəkdir. Ona görə də, bu istiqamətdə hər hansısa ciddi dəyişikliklərin olacağını demək olmur.Amma daxildə müəyyən addımlar atıla bilər, bu seçkilər göstərdi ki, İran cəmiyyəti xüsusən gənc nəsil dəyişiliklər arzulayır. Rejimə qarşı müəyyən narazılıqlar var. Buna görə islahatlara ehtiyac var. Pezeşkian bunu həyata keçirə biləcəkmi ? Onu zaman göstərəcək. Milli amil bu seçkilərdə üstünlük təşkil etdi və faktiki olaraq Pezeşkianın səslərinin, mütləq əksəriyyəti qeyri-fars əyalətlərdən gəldi. Seçki öncəsi verilən bir çox bəyanatlar əvvəlki prezidentlərin dövründə olduğu kimi yenə icra olunmazsa, təbii hansısa islahatları həyata keçirmək mümkün olmayacaq. Bundan əvvəldə islahatçıların nümayəndələri hər hansısa ciddi islahatlar həyata keçirə bilməyiblər. Dini lider və SEPAH-ın əngəli ilə qarşılaşıblar".

 

Vüqar Alışov