Müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir

Bölmə: MEDİA › ,
Tarix: 12:02 13.02.2015

Mətbuat tariximizdən məlumdur ki, “Füyuzat” jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də işıq üzü görüb. Jurnalın baş redaktoru XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadə, sponsoru isə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. “Füyuzat”ın ictimai fikir tariximizdə yerini göstərmək üçün təkcə onu vurğulamaq kifayətdir ki, Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

“Füyuzat” jurnalı füyuzatçılıq jurnalistika məktəbinin əsasını qoymaqdan əlavə, Azərbay­canda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda da mühüm rol oynadı.

Lakin, təəssüf ki, “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü gördü. Mütərəqqi və milli fikirləri təbliğ etdiyindən çar hökuməti tərəfindən jurnalın çapı dayandırıldı. Amma buna baxmayaraq, jurnal 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır. Jurnalın yenidən işıq üzü görməsində filologiya elmləri doktoru, professor Teymur Əhmədovun əməyi əvəzsizdir. O jurnala baş redaktor kimi yeni ruh, can gətirdi.

     Müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mənəvi dəyərləri haqqında dərc edilən məqalələr nömrələr oxuculara təqdim olunur.

Redaksiyasına gələn təşəkkür məktubları, abunəçilərin günü-gündən artması, eləcə də, jurnalın xarici ölkələrdə yayılması “Füyuzat”ın ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.