ABŞ və İran arasında müharibə başlayacaq?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 18:44 22.07.2024

Rusiyanin xarici işlər naziri Sergey Lavrov: "İsrail ABŞ-ı İranla müharibəyə cəlb etmək istəyir". 

 

Nazir sözlərində nə dərəcədə haqlıdır? Müharibə yaranarsa, münasibətlər hansı xətt üzrə inkişaf edəcək?

 

Mövzunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "informator.az"a şərh edib. O bildirib ki, Həmasın İsrailə hücum etməsindən sonra İsrailin Qəzza bölgəsinə hücumu və ondan sonra Livan, Suriya, Yəmən və İranla bağlı atdığı addımlar faktiki olaraq İsrail hakimiyyətinin ABŞ-ı bu prosesə cəlb etmək niyyətini göstərir:

 

"Ona görə də İsrailin bölgədə mövcudluğu məhz həmin o qüvvələrin gücü nəticəsində davam edir. ABŞ da sadəcə İsrail hakimiyyətinin düşündüyünü düşünmür, onların da özlərinin mövqeləri var. Öncəliklə, bilirik ki, ötən əsrin ortalarında, yəni, 1947-ci ildə həmin ərazidə dünya dövlətlərinin BMT-də gəldiyi qənaət bundan ibarət oldu ki, 2 müstəqil dövlət İsrail və fələstin dövləti yaratmaqla, həmin ərazidə məsələlər həllini tapmalıdır. Amma 48-ci ildə İsrail dövləti yaransa da, Fələstin dövləti bu günə kimi yaranmayıb və dəfələrlə qarşıdurmalar nəticəsində həm yahudi xalqı, həm Fələstin xalqı tərəfindən böyük itkilər olub, qanlar tökülüb, dağıntılar olub. Bu gün də bu proses davam etməkdədir. Bu prosesin ən böyük zərbəsi İsrail və Fələstin xalqına dəyir. Hakimiyyətlər və hökumətlər müvəqqəti olsa da, xalqlar əbədidir. Fələstin xalqı və yahudi xalqı orada əbədi yaşamaq məcburiyyətindədir. Onların heç birini oradan bir dəfəlik çıxarıb təmizləmək mümkün deyil. Buna görə də hər bir halda bu proseslər danışıqlar yolundan keçir. Amma çox təəssüflər olsun ki, kənardan olan bəzi qüvvələr bu münaqişəylə bağlı da imkan vermirlər ki, sülh anlaşması əldə edilsin".

 

Şərhçinin sözlərinə görə, ABŞ heç də hazırkı dönəmdə özünün yaxşı dövrünü yaşamır:

 

"ABŞ ötən əsrdə soyuq müharibə nəticəsində sovet ittifaqına qalib gəlsə də, əslində o proses hələ bitməyib. Yəni, soyuq müharibədə ABŞ Sovet ittifaqına qalib gəldi, amma ittifaqın hüquqi varisi kimi bu gün Rusiya ilə Ukrayna cəbhəsində dünyanın digər regionlarında müharibə və mübarizə davam edir. Bu da ondan xəbər verir ki, əslində faktiki olaraq soyuq müharibənin bir mərhələsi bitib, digər bir mərhələsi başlayıb. Bunlarla paralel şəkildə onu deyə bilərik ki, ABŞ 2 regionda böyük məğlubiyyətə uğrayıb. Bunlardan biri ötən əsrdəki Vyetnamda ABŞ-ın məğlubiyyətə uğraması və oradan qaçaraq çıxması, ikinci məğlubiyyət isə 2001-ci ilin sentyabrında Əfqanıstana daxil olan ABŞ-ı 2021-ci ildə oradan elə Vyetnamdan çıxdığı kimi çıxdı. Çıxarkən özünə aid olan böyük milyardlarla dollar həcmində silah və texnikaları orda qoydu. Əfqanıstanı tərk edən ABŞ bu iki məğlubiyyətdən sonra yaxın şərqdə məğlubiyyətə uğramaq istəmir. Yaxın şərqdə ötən əsrin ortalarında Sovetlər ittifaqının mövcud olduğu dönəmdən başlayan bu mübarizə hələ də davam edir. İki tərəfdən heç birinin qələbəsi hələ ki reallaşmayıb. Hazırkı dönəmdə İsrail dövləti Fələstinlilərin Qəzzadakı ərazilərini idarə edən Həmasa böyük zərbələr vursa belə, bu qələbəyə gətirib çıxaran zərbələr olmayıb".

 

Xəyal Bəşirov əlavə edib ki, ABŞ bu prosesə heç bir halda cəlb olunmaq istəmir:

 

"Məhz ona görədir ki, ABŞ-ın daxilində belə hakimiyyət dəyişikliyi ilə bağlı mövqelər də güclənməkdədir. ABŞ-da keçiriləcək bu seçkilərdə hakimiyyətin dəyişilməsi istiqamətində mövqe qoyan şəxslərin daha çox olmasının səbəbi bu istiqamətdə bir sıra digər məsələlərdə ABŞ-ın xarici siyasətinin dəyişdirilməsinə hesablanıb. İranda da hakimiyyət dəyişikliyi olub və İran tərəfi bu məsələdə hakimiyyət dəyişikliyindən sonra siyasətində də dəyişiklik edəcək. İslahatçı bir şəxsin hakimiyyətə gəlməsi, ən azından onun islahatçı adlandırılması İranda bu istiqamətdə dəyişikliklərin ediləcəyindən xəbər verir. Hətta ABŞ-la münasibətlərin yenidən şəkilləndirilməsi ilə bağlı fikirlər var. Bu məsələlər artıq üst-üstə düşməkdədir. Əslində, İranda dəyişikliklərin edilməsi və ABŞ-da gözlənilən dəyişikliklər hər iki tərəfə siyasətdə bəzi məqamlara yenidən baxmaq imkanı yaradır ki, bu da mütləq şəkildə yaxın şərq mövzusuna da öz təsirinin göstərəcək. Ona görə də, düşünmürəm ki, ABŞ hazırda baş verən hadisələrin fonunda yaxın şərqdə İranla və ya digər İsrail Fələstin münasibətlərində İsrailin mövqeyini bölüşməyən tərəflərlə qarşıdurmaya gedəcək. Çünki ABŞ-ın real qarşıdurmaya getdiyi iki regionda baş verən hadisələrin təfərrüatlarına toxundum. Eyni ssenarinin yaxın şərqdə baş verməsinə imkan verməmək üçün ABŞ hazırkı reallıqların fonunda Rusiya Ukrayna müharibəsi, Çin ABŞ arasındakı Tayvanla bağlı istənilən an baş verə biləcək qarşıdurmanın və proseslərin baş verdiyi məqamda ABŞ yaxın şərqdə baş verən hadisələrə bilavasitə müdaxilə etmək istəyində olmayacaq. Təbii ki İsrailə silah yardımı, maddi yardım, siyasi və mənəvi yardım prosesi davam edəcək. Çünki yaxın şərqdə ABŞ-ın, ümumiyyətlə qərbin əsas dayaq nöqtəsi İsraildir. Amma bu, real müstəviyə keçməyəcək. Necə ki, Rusiya Ukrayna müharibəsində real müstəviyə hələ ki keçməyib".

 

Aləmzər İbrahimova