Banqladeşin şimalında 500-dən çox məhbus qaçıb
Bölmə: Dünya › ,Tarix: 18:53 06.08.2024
Dhaka Tribune xəbər verir ki, dəyənək və daşlarla silahlanmış kütlə Banqladeşin şimalındakı Şerpur rayonunda həbsxanaya girərək 500-dən çox məhbusu azad edib.Camaat dövlət qurumlarını dağıdıb, yerli polis idarəsini yandırıb, mağaza və ticarət obyektlərini qarət ediblər. Banqladeşin bir çox bölgələrində iğtişaşlar olduğu bildirilir.
“Business Standard” qəzetinin məlumatına görə, gün ərzində baş verən iğtişaşlarda azı 110 nəfər həlak olub. Tələbələr iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində küçələrə çıxaraq 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş kvotalarının ləğvini tələb ediblər. Respublikada vəziyyət gərginləşib, nümayişlər iğtişaşlara çevrilib. Avqustun 4-də paytaxt Dəkkə və Banqladeşin digər şəhərlərində hökumət əleyhinə etirazlar yenidən alovlanıb. Ölkəni tərk edən baş nazir Şeyx Hasinanın istefasından sonra da Dəkkə və Banqladeşin digər şəhərlərində etirazçılar hələ də küçələrdə gəzir. Ordu ölkədə müvəqqəti olaraq hakimiyyəti ələ keçirib və insanları zorakılığı dayandırmağa çağırıb. Yaxın vaxtlarda müvəqqəti hökumətin yaradılması gözlənilir.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkar