Kirayə mənzillərin qıtlığına səbəb nədir?-Ekspert RƏYİ
Bölmə: İqtisadiyyat › ,Tarix: 19:19 27.08.2024
Kirayə bazarında qıtlıq olduğundan bir çox tələbə ev tapa bilmir. Yeni dərs ilinin başlaması ilə bu problem özünü daha da qabarıq göstərir.
Nəticə etibarı ilə bu, kirayələrin qiymətlərinin qalxmasına gətirib çıxarır.
Bəs kirayə mənzillərin qıtlığına səbəb nədir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, hər il avqust ayının sonundan başlayaraq sentyabr ayının birinci yarısına qədər xüsusən Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərinə təlabat həddindən çox artır:
"Bu daha çox tələbələrin bölgələrdən ali təhsil almaq üçün paytaxt Bakıya üz tutması ilə əlaqədardır. Təbii ki, təlabat artdıqca mənzil sayı azalır və qiymətlərdə artımlar müşahidə olunur.
Bundan əlavə paytaxt ərazisində artıq 2016-cı ildən başlayaraq pilot lahiyələr üzərindən köhnə yaşayış binalarından və köhnə fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin sökülməsi səbəbindən artıq paytaxt ərazisində ucuz kirayə mənzillərinin böyük bir hissəsi sökülərək, yeni tikili binalarla əvəzlənib".
Ekspertin sözlərinə görə, sökülən hər köhnə tikili binalarda yaşayan sakinlər yeni binalardan mənzillər tehvil verilən günə qədər (2-3 il müddət ərzində) kirayəyə çıxmalı olurlar:
"Eyni zamanda ökülən hər köhnə tikili binaların yerində yeni binalar inşa olunduqca, yeni tikili binalardakı kirayə qiymətləri köhnə tikili binalardan 2 dəfəyə qədər baha qiymətə təklif olunur.
Bu baxımdan artıq yaxın gələcəkdə paytaxt ərazisində ucuz kirayə mənzillər həm tələbələr, həmçinin sakinlər üçün artıq əlçatan olmayacaq".
Elnurə Kərimova