Ətin qiyməti bahalaşdı: Artan tələbatdır, yoxsa xərclər?-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:19 09.09.2024

Son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə olunur. Əvvəl 1 kq ət 15-16 azn idisə, indi bu qiymət 20-21 azn arası dəyişir.

Bəs, bu qədər qiymət artımına əsas səbəb nədir?

Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli  "informator.az"a açıqlamasında bidirib ki, ət bazarında bahalaşmanın bir neçə əsas səbəbi mövcuddur:

"Səbəblərdən başlıcası ətə olan təlabatın son dövrlər artmasıdır. Əgər 10 il bundan qabaq Azərbaycanda ət kəsimi ilə indiki ət kəsimi statistikalarına baxsaq görərik ki, təqribən 20% artım var. Bu həm əhalinin sayının artımı, həm də alıcılıq qabiliyyətinin yüksəlməsi ilə əlaqədardır. Baxmayaraq ki, əhalinin təlabatı artır, saxlanılan heyvanların sayında azalma var. Əgər 2015-2016-cı illərdə ölkədə 8.7 milyon baş xırdabuynuzlu heyvan saxlanılırdısa, bu rəqəmlər son statistikaya görə 7.7 başdır. Bir tərəfdən təlabat artır, digər tərəfdən də saxlanılan heyvanların sayı aşağı düşür. Bu da bazar kanikturasına uyğun olaraq qiymətlərin yüksəlməsinə təkan verir".

Ekspertin sözlərinə görə, xərclərin artımı da diqqət mərkəzindədir:

"Heyvandarlıqla məşğul olan şəxslərin xərclərində artım var, ot bağlamasının qiyməti bahalaşıb, bundan əlavə otlaq sahələrinin həcmi də aşağı düşüb. Otlaq sahələrinin azalması iqlim dəyişikliyi, şoranlaşma ilə əlaqədardır. İntensiv təsəərüfatlarda alınmış hazır yem məhsullarının qiymətinin bahalaşması, heyvanların saxlanılması ilə əlaqədar dərman xərclərinin artması, da ətin qiymətinin bahalaşmasına öz təsirini göstərib.
Qiymətlərin bahalaşması son illər davam edir, indiki heyvan saxlanma statistikasına baxanda, əhalinin təlabatının artmasını gördükdə proqnozlaşdırmaq olar ki, ətin bahalaşması hələ yaxın gələcəkdə də davam edəcək".

Mehriban Nəsibova