Tovuz sakinləri gənclərdən narazılıq edir

Tarix: 16:21 24.06.2015
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatının dəstəyi ilə "Gələcəyə Baxış: Avropaya İnteqrasiya İctimai Birliyi"nin bölgələrdə milli-mənəvi dəyərlərin təbliğinə dair keçirdiyi aksiya davam edir.
İnformator xəbər verir ki, bu dəfə birlik Tovuz rayon ictimaiyyəti arasında sorğu keçirib. Tovuz sakinləri əsasən gənclərdən narazılıq ediblər, küçədə nalayıq sözlərin istifadə edilməsi, ictimai yerdə siqaretdən istifadədən şikayətləniblər.
Bildirilib ki, bu işdə tək cavanları qınamaq olmaz. Ağsaqqallar elə nümunə olmalıdırlar ki, cavanlar da onlara baxıb özlərini normal apara bilsinlər. Etik normalar cəmiyyətdə insanların düzgün davranış qaydaları deməkdir. Məsələn, böyüklərə hörmət, yer vermək, yardım etmək, zərif cinsin nümayəndələrinə yol vermək və sair. Etik qaydaların bir qismi daim yerinə yetirilib vərdiş halı aldığı üçün qayda olaraq qəbul edilmir. Bir qismi isə məhz nəzakət xatirinə edilir, əksər vaxtlarda isə unudulur. Bütün hallarda nəzakət qaydaları və etik davranışlar hər kəs üçün eynidir və bu qaydalara əməl edənlər xoş qarşılanır.
Bəs etik qaydaların aşılanması istiqamətində məktəblərdə hansı işlər görülür? Təhsil ocaqlarında bunun üçün nələr edilir? Tovuz rayon Puşkin adına tam orta məktəbin müəllimi Lətifə Məmmədova deyir ki, şagirdlərə etik davranışların aşılanması, ailə mühitindən sonra əsasən məktəbin üzərinə düşür. Məktəblərdə mütəmmadi olaraq etik davranış qaydaları barədə söhbətlər aparılır, onların gələcəkdə bir şəxs kimi formalaşmasına çalışılır.
Etik qaydalar əslində insanların bir-birinə hörmət çərçivəsində yerinə yetirdikləri davranışlardır. Məhz bu qaydalarla insanlar bir-birinə qarşı daha nəzakətli olur, münasibətlər daha yaxşı formalaşır. Etik qaydalardan bixəbər olanlar isə cəmiyyətdə kobud, mədəniyyətsiz insan kimi qiymətləndirilir. Nəzakət qaydalarının siyahısı uzundur. Bir sözlə, etik davranışlar valideyndən övladına aşılanan, sonra məktəbdə və cəmiyyətin təsiri ilə formalaşan müsbət keyfiyyətlərdir. Uşaqlara bu etik normaları lap kiçik yaşlarından aşılamaq lazımdır ki, böyüdükcə bu qaydalar vərdişə çevrildiyi üçün istifadə etsinlər, məcbur olduqları üçün deyil.