Azərbaycanda qiymət artımını şərtləndirən amillər nələrdir?-İqtisadçı AÇIQLAYIR
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:23 28.10.2024
"Bazar iqtisadiyyatı modelində sahibkarların qiymətləri artırması prinsipial olaraq problem yaratmır. Lakin Azərbaycanın bazarında rəqabət mühitinin zəif olması qiymətlərin əsassız olaraq artırılmasına şərait yaradır".
Bu sözləri "informator.az"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib. Ekspert son zamanlar baş verən inflyasiya və qiymət artımının əsas səbəblərindən də bəhs edib:
" Son dövrlərdə baş verən qiymət artımları və inflyasiya müəyyən iki əsas amilə bağlıdır. Birinci amil ölkə daxilində istehsalın azalması və bunun nəticəsində məhsul qıtlığının yaranmasıdır. Yəni, daxili bazarda tələb təklifdən çoxdur, bu isə qiymətlərin artmasına səbəb olur. İkinci əsas amil ölkədə inhisarçılığın geniş yayılmasıdır. İnhisarçı mühitdə fəaliyyət göstərən sahibkarlar, rəqabət olmadığı üçün qiymətləri artırmağa daha meyilli olurlar. Bazar iqtisadiyyatı modelində sahibkarların qiymətləri artırması prinsipial olaraq problem yaratmır. Lakin Azərbaycanın bazarında rəqabət mühitinin zəif olması qiymətlərin əsassız olaraq artırılmasına şərait yaradır. Bu şəraitdə, dövlətin nəzarətində olan qiymətlərdən başqa, digər məhsulların qiymət artımına dövlət müdaxilə etmir. İdeal bir bazar iqtisadiyyatında qiymətlər təbii olaraq rəqabət vasitəsilə tənzimlənir; lakin Azərbaycanın mövcud iqtisadi mühitində rəqabət olmadığı üçün qiymət artımları əsasən inhisarçılıq şəraitində formalaşır".
Akif Nəsirlinin sözlərinə görə, istehsalın artırılması üçün ilk növbədə inhisarçılığın azaldılması istiqamətində addımlar atılmalıdır:
" Ölkədə kənd təsərrüfatı istehsalı da son illərdə azalma tendensiyası göstərir. Bu il kənd təsərrüfatı sektoru üçün xüsusilə çətin keçdiyindən, məhsuldarlıq daha da zəifləyib və daxili bazarda məhsul qıtlığı müşahidə olunub. Bu vəziyyətdə, istehsalın artırılması üçün ilk növbədə inhisarçılığın azaldılması istiqamətində addımlar atılmalıdır. İnhisarçılığın aradan qaldırılması yalnız istehlakçıların alıcılıq qabiliyyətini artırmaqla deyil, həm də sahibkarlıq subyektlərinin rəqabət gücünü yüksəltməklə iqtisadiyyata müsbət təsir göstərə bilər. Əhalinin gəlirlərinin artırılması üçün isə dövlət müxtəlif mexanizmlərdən istifadə edə bilər. Ölkədə çalışan əhalinin əksər hissəsi dövlət sektorunda işlədiyi üçün, dövlət müəssisələrində çalışanların əməkhaqqı artırıldıqda, bu artım digər sektorlara da sirayət edəcək. Belə ki, dövlətin nəzarətində olan pensiyalar, maaşlar və müavinətlərin artırılması inflyasiyaya qarşı müvəqqəti həll yarada bilər. Lakin inhisarçılıq hökm sürdüyü müddətcə, əməkhaqqı artımları qiymətlərin yenidən bahalaşması ilə nəticələnir, çünki inhisarçı sahibkarlar rəqabət olmadan qiymətləri rahatlıqla qaldıra bilirlər".
Fatimə Abdulrəhimli