2020-ci il 8 Noyabr...-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:11 08.11.2024
2020-ci il 8 Noyabr... 44 günlük Vətən Müharibəsinin sonu.... Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, 300-dən çox yaşayış məntəqəsi və ən nəhayət Şuşa.... 28 ildən sonrakı qələbə və Zəfər Günü....
8 Noyabr müasir tariximizin ən parlaq səhifələrindən biridir. Həmin gün Azərbaycan ordusunun qəhrəman əsgərləri yüksək peşəkarlıq, əzm, iradə, fədakarlıq, rəşadət göstərərək, alınmaz qala hesab olunan Şuşanı Erməni işğalından azad etməklə 44 günlük savaşın sona çatmasında önəmli rol oynadılar.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “informator.az”a açıqlamasında bildirib ki, Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur olması Azərbaycan üçün tarixi qələbədir:
"Azərbaycan əsgərinin ən yüksək döyüş qabiliyyətinə və ruhuna malik olması dünyanın bir çox hərb məktəblərində öyrənilir".
Mümkünsüz olanı həyata keçirən Azərbaycan ordusu öz şanlı tarixini yazdı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının tapdalanmış qüruru özünə qaytarıldı.
"Xalqımızın qəddi və başı dikəldi. Məhz bu gün həyatlarını fəda edərək Şuşanı azad edən əsgərlərimiz bizim gənc nəslin uşaqlarımızın və gələcək nəsillərin örnək alacağı nümunələrdir".
Vətən müharibəsi iştirakçısı Nəzərli İlkin Şuşanın azad olunmasına görə medal ilə təltif edilib. İlkin qalib ordunun əsgəri olması ilə qürur duyur:
“Mən Nəzərli İlkin. Xüsusi Təyinatlı Qüvvələrin hücum dəstəsində Şuşa istiqamətində döyüşlərə qoşulmuşam. Biz Şuşaya daşaltı kəndindən daxil olmuşuq. Yol minalandığı üçün dağlar, dərələrlə girmək məcburiyyətində qalmışdıq. Səhər saatlarından başlayaraq axşama qədər düşmənlə döyüşüb, posta üç rəngli Azərbaycan bayrağını sancmışıq. Şuşaya daxil olarkən düşmən bizə qarşı ağır silahlardan istifadə edirdi. Yaralılarımızın olmağına baxmayaraq irəli gedirdik. Şuşaya doğru iki dəstə müxtəlif istiqamətlərdə hərəkət edirdi. Bir dəstə arxa tərəfdən, digər dəstə isə, yəni biz daşaltı kəndi tərəfdən irəliləyərək düşməni orta istiqamətdə sıxıb məhv etdik. İtkilərimizin çox olmasına baxmayaraq, bir amalımız var idi, daim irəli getmək. Mən özüm 6 Noyabr tarixində yaralanıb, 8 Noyabrda təxliyə olmuşam”.
Bu gün Azərbaycan xalqı rahat şəkildə azad Qarabağa səfər edir, Zəngilan, Cəbrayıl, Laçın, Füzuli, Şuşada artıq 28 ildən sonra yenidən həyat başlayıb. İlk toy, ilk körpə…
Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. Torpaqlarına qayıdacaq insanların məşğulluğu da diqqət mərkəzindədir. Həm yaşayış yerləri, həm infrastruktur - su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq. Böyük Qayıdış Proqramına əsasən daha 100-ə yaxın kəndin bərpası davam edir.
Vüqar Alışov