"Dejavü" psixoloji təsirləri-NƏLƏRDİR?

Bölmə: Maraqlı › ,
Tarix: 13:33 13.11.2024

Son vaxtlarda gənclər və yeniyetmələr arasında hansısa bir hadisənin daha öncə olmuş və ya yaşanmış kimi fərz etmək hissi formalaşıb. Təbii ki, bu hal tibbə məlumdur. Elmi dildə beynin bu reaksiyasına dejavü deyilir. 

 

Bəs insanlarda dejavünün baş verməsi hansı psixoloji problemlərdən xəbər verir ?

 

Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov "informator.az"a açıqlamasında bildirib ki , dejavü insanların yaşadığı psixoloji hallardan biridir. Bu hal insanın əvvəlcədən tanış olmadığı bir vəziyyəti sanki daha əvvəl yaşamış kimi hiss etməsinə səbəb olur.

 

Onun sözlərinə görə, dejavü sağlam insanlarda baş verən keçici bir təcrübədir:

 

"Dejavü yaddaş və məkan tanıma kimi psixoloji yanaşmanın göstəricisidir. Belə halların il ərzində bir neçə dəfə təkrarlanması normaldır. Dejavü ,əsasən, stress, yorğunluq və yuxusuzluq hallarında baş verir",-o deyib.

 

Psixoloq dejavünün sıx baş verməsinin bəzi nevroloji və psixoloji pozuntulara yol açmasından da danışıb:

 

"Xüsusilə, temporal lob epilepsiyası kimi pozuntularda davamlı olaraq bu hal baş verir. Bundan əlavə, dissosiativ şəxsiyyət pozuntusu və ya obsessiv-kompulsiv pozuntu (OKP) kimi psixoloji xəstəliklərdə də dejavü sıx yaşanmağa səbəb ola bilər. Əgər bir şəxsdə dejavü təcrübələri gündəlik həyatını narahat edəcək dərəcədə sıx baş verirsə, nevroloji və psixoloji müayinə tövsiyyə olunur",-deyə o əlavə edib. 

 

"Dejavü sağlam insanlarda yaşanan maraqlı bir təcrübə olsa da, sıxlığı və şiddəti nevroloji müayinənin zəruriliyini göstərir. Onun üçün də lazımi olan tədbirləri əvvəlcədən görmək lazımdır ",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Məryəm Zaliyeva