İlqar Rəsul: Geridə qətiyyən boşluq qoymamışam

Bölmə: Sosial › ,
Tarix: 14:46 21.12.2024

Yazıçı, jurnalist İlqar Rəsul 1966-cı il oktyabrın 11-də Ağdam şəhərində ziyalı ailəsində doğulub.
1984-cü ildə Ağdam şəhər 3 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1989-cu ildə Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin fakültənin magistratura pilləsini bitirib. 1995-ci ildən başlayaraq ölkənin tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Həmin ildən etibarən mətbuatda hekayələri dərc olunur. 2011-ci ildə “Getmə” romanı işıq üzü görüb.
2004-2012-ci illərdə Azadlıq Radiosunun (ABŞ) Azərbaycanda Parlament və Prezident Administrasiyası üzrə xüsusi müxbiri olub.

2013-2018-ci illərdə APA Holdinqin tərkibində fəaliyyət göstərən APA TV-nin baş direktorunun müşaviri vəzifəsində çalışıb. 2018-2020 -ci illərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzi idarə heyətinin sədrinin müşaviri olub.
2023-cü ildən Qanun Nəşrlər evi direktorunun müşaviridir.

İlqar Rəsul "İnformator.az"a deyib ki, geriyə baxanda özünü həddindən artıq yaxşı, hər kəsin arzulaya biləcəyi jurnalist kimi görür:

"O vaxt məni də bir neçə tələbə yoldaşlarımla bərabər Təhsil Nazirliyinə aparmaq istəyirdilər. Mən isə getmədim. Dedim ki, mən jurnalist olacam. Və nə yaxşı ki belə demişəm. Sonralar tələbə yoldaşım, jurnalist Almaz Mahmudla ailə qurdum. Bir-birimizi elə tələbəlik illərində tanımışıq. Mən onu istedadlı bir şəxs hesab edirdim. Həmçinin Almaz xanımın gələcəkdə əsl jurnalist kadrı olacağını bilirdim. Bir-birimizi çox yaxşı başa düşdüyümüz üçün də evləndik. Normal kişi qadınlara qarşı həssas olmalıdır, onları sevməlidir. Mənim bir neçə romanımda  baş qəhrəman qadındır. Digər tərəfdən insan psixologiyanı biləndə qadınları və kişiləri yaxşı başa düşür. Nəticədə hər hansı əsər də yazanda bu, nisbətən uğurlu alına bilir".

Jurnalistin sözlərinə görə, o, bir jurnalist hansı nailiyyətləri əldə edə bilərsə (özünün dediyi kimi, söhbət sözsüz ki, medaldan və addan getmir) hamısına yiyələnib:

"Yaşadığım və fəaliyyət göstərdiyim mühitdə bu sahənin peşəkarının edə biləcəyi hər şeyi yüksək səviyyədə bacarmışam. Bəlkə də kimlərəsə uyğun gəlməyəcək, amma mən geridə qətiyyən boşluq qoymamışam. Elə bir iş, tapşırıq olmayıb ki, mən bundan imtina edim və ya yerinə yetirə bilməyim".

Aynur Babazadə