Kapitalist və sosialist sistemlərin müqayisəsi
Bölmə: Sosial › ,Tarix: 22:10 23.12.2024
Kapitalist və sosialist sistemlər arasında əsas fərqlər insanların iqtisadi imkanlarına və sosial bərabərliyə necə yanaşılması ilə bağlıdır.
Müsahibimiz sosioloq Lalə Mehralı "informator.az" saytına açıqlamasında bildirib ki, kapitalist sistemində fərdi şəxslər və ya şirkətlər müxtəlif sahələrdə müəssisələr yarada və idarə edə bilir:
" Dövlətin vergisini ödədiyi müddətcə azadlığı mövcuddur, idarəetməsinə dövlətin müdaxiləsi olmur. Lakin nə qədər adamın bu imkanı var, nə qədər insan fərdi biznesini qura bilir, nə qədər adamın şirkəti var, əsas məsələ budur. Bəs kapitalist sistemdə biznesi olmayan insanların yaşam standartları necə olur, gəlirləri necə tənzimlənir, iş hüquqları necə olsun?
Sosialist sistemində isə müəssisələrin yaradılması və fəaliyyəti tamamilə vahid nəzarət altındadır. Hüquqlar və gəlirlər bərabərdir, bütün insanlar eyni səviyyədə yaşayır. İstehsal vasitələri bütün cəmiyyətin ümumi mülkiyyəti olur, sinifsiz cəmiyyət mövcud olur, hamının söz haqqı olur. Sosializm bütün insanları eyni gözdə görür, bu sistem işçi sinfinin söz haqqı deməkdir".
Sosioloqun sözlərinə görə, əgər kapitalizmdə kapital və sahibkarlıq bir əldə cəmləşirsə sosializmdə insanların xüsusi mülkiyyəti və sinifləri olmur, hər şey ictimai və ümumidir, hamı bərabərdir:
" Yəni, sosializm insanların maddi, hüquqi bərabərliyinə hesablanmış bir ideologiyadır və mövcud olduğu ölkələrdə hamının rifah halı eynidir.
Əslində sosializm dövləti dəstəkləyən bir modeldir. Bu sistemdə məhsuldar güc insan, insan əməyi və cəmiyyətdir, amma dövlət istehsalda dominant gücdür. Sosializmdə ictimai maraq və cəmiyyət ön plandadır və bunu da dövlət tənzimləyir. Kollektiv fəaliyyət göstərmək, işsizlərin sayını azaltmaq, ümumi gəlir əldə etmək, bərabər paya sahib olmaq hamıya fayda gətirirsə bu sistem niyə pis olsun ki?"
Çinarə Tarverdiyeva