“Regionda həyata keçirilən enerji və nəqliyyat layihələri əməkdaşlığın və inkişafın əsas sütunudur”
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:01 27.12.2024
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri region ölkələri arasında əməkdaşlığı gücləndirir. Bakı-Tiflis-Ceyhan, TANAP, TAP və Zəngəzur dəhlizi kimi layihələr bu prosesdə mühüm rol oynayır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “informator.az”a açıqlamasında Azərbaycanın enerji və nəqliyyat layihələrindəki rolundan və onların regional əhəmiyyətindən danışıb:
“Bakı-Tiflis-Ceyhan neft kəməri artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP 2018-ci ildən, onun ikinci komponenti TAP isə 2020-ci ildən istifadədədir. Bu layihələrin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı nəticəsində mümkün olub. Burada resursların mənbəyi Azərbaycandır, lakin digər ölkələrin iştirakı olmadan bulayihələri həyata keçirmək mümkün olmazdı”.
Ekspert Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub:
“Zəngəzur dəhlizinin açılması strateji önəm daşıyır, lakin Ermənistan və İran bu prosesə mane olur. Bununla belə, Azərbaycan orta dəhliz vasitəsilə Xəzər dənizi sahilindəki qonşuları – Rusiya, İran, Qazaxıstan və Türkmənistan ilə əlaqələrini inkişaf etdirir. Bu əlaqələr orta dəhlizin işlənməsi və gücləndirilməsi üçün vacibdir. Azərbaycanın Rusiya və İranla Şimal-Cənub nəqliyyat istiqamətində fəaliyyətləri diqqətəlayiqdir. Bir çox layihələr artıq fəaliyyət göstərir və inkişaf edir, digərləri isə yenicə formalaşır. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın və iştirakçı ölkələrin maraqlarına tamamilə uyğundur. Eyni zamanda, bu layihələr region ölkələri arasındakı əlaqələrin möhkəmlənməsinə və maliyyə qazancına mühüm töhfə verir”.
Asiya Zeynallı