Subsidiya sistemində korrupsiya riskləri
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:29 27.12.2024
Subsidiya sisteminin əsas məqsədi iqtisadiyyatı dəstəkləmək ,ehtiyacı olanlara yardım etmək və strateji sektorlarda inkişafı təmin etməkdir. Lakin düzgün qurulmadığı və şəffaflıq təmin olunmadığı halda ciddi korrupsiya riskləri ortaya çıxarır. Subsidiya sistemində korrupsiya riskləri dövlət resurslarının qeyri-effektiv istifadəsinə, sosial ədalətsizlik və ictimai ədalətsizlik kimi hallara gətirib çıxara bilər.
Bəs subsidiyala necə olmalıdır və Azərbaycanda hansı vəziyyətdədir?
Bu haqda Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, ilk növbədə subsidiyalar ünvanlı olmalıdır:
“ Bizdə subsidiyalar daha çox yayğındır. Azərsu, AzərEnerji kimi Dövlət müəssisələrinə, Metropolitenə verilir. Amma subsidiyalar konkret layihələr yönündə olmalıdır, hansı sahədə buna ehtiyac varsa, ora yönəlməlidir. Təşkilatlar subsidiya alaraq başqa problemlərini həll edirlər . Və bu da çox vaxt qeyri-şəffaf olur”.
İqtisadçının sözlərinə görə, ikinci məsələ, subsidiyalar hesabına həyata keçirilən tikinti, təmir və satınalma məsələləridir, burada şəffaflıq çox aşağıdır:
“ Şəffaflığın aşağı olması, tenderlərin qeyri-şəffaf keçirilməsi korrupsiyaya şərait yaradır. Əslində subsidiyalaşmanın məntiqi də dəyişməlidir. Dövlət qurumları var ki, illərdir subsidiya alır. Yaxşı, onları niyə saxlayırıq? O zaman, onun tam və ya qismən özəlləşməsini niyə həyata keçirməyək? Yəni tam və qismən özəlləşmə nəticəsində subsidiyalar da dayanacaq”.
Nərmin Həşimova